“Yeni bölgələr” hesabına rekord: Rusiyanın taxıl istehsalı 142 milyon tonu keçdi
Rusiyanın Baş nazirinin müavini Dmitri Patruşev 2025-ci ildə, “yeni bölgələr” də daxil olmaqla, ölkə üzrə ümumi taxıl istehsalının 142 milyon ton təşkil etdiyini, bunun 93 milyon tondan çoxunun buğdanın payına düşdüyünü açıqlayıb.
Patruşev “yeni bölgələr” ifadəsi ilə Ukraynada davam edən müharibə zamanı işğal olunmuş kənd təsərrüfatı ərazilərini nəzərdə tutur.
O, 2025-ci il üzrə bitkiçilik sahəsində əldə olunan nəticələrin və qarşıdan gələn yaz əkin kampaniyasına hazırlıq hədəflərinin müzakirə edildiyi iclasda çıxış edib.
Bloomberg agentliyinin məlumatına görə, Patruşev ötən ilin istehsalçılar üçün uğurlu keçdiyini bildirib. Onun sözlərinə görə, ilkin hesablamalara əsasən, bitkiçilik məhsullarının istehsal həcmi 9 faiz artıb və bu artım ümumi kənd təsərrüfatı istehsalındakı yüksəlişin əsas mənbəyi olub.
“7 ildir 120 milyon ton həddi aşılır”
Baş nazirin müavini əsas kənd təsərrüfatı məhsulları üzrə planlaşdırılan istehsal hədəflərinə nail olunduğunu vurğulayaraq bildirib ki, “yeni bölgələr”dən əldə olunan məhsullar da nəzərə alınmaqla, Rusiya 2025-ci ildə tarixinin üçüncü ən yüksək taxıl istehsalını həyata keçirib. O, həmçinin əlverişsiz hava şəraitinə baxmayaraq, ölkənin son 7 il ərzində ardıcıl olaraq 120 milyon tondan artıq taxıl istehsal etdiyini qeyd edib.
Bununla yanaşı, Rosstat-ın ilkin məlumatlarına əsasən, “yeni bölgələr” nəzərə alınmadan taxıl istehsalı 138,8 milyon ton, buğda istehsalı isə 90,9 milyon ton təşkil edib.
2026-cı il üçün əkin sahələri artırılır: 83 milyon hektar hədəfi
Patruşev bildirib ki, cari ilin tarla işlərinə hazırlıq çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi regionlar üzrə əkin sahələrinin bölgüsünü artıq təsdiqləyib. Gözləntilərə əsasən, ümumi əkin sahəsi 83 milyon hektara çatacaq ki, bu da 2025-ci ilin göstəricisindən yüksək olacaq.
Yeni məhsul mövsümü üçün 20 milyon hektar sahədə payızlıq əkin aparıldığını bildirən Patruşev, mütəxəssislərin qiymətləndirməsinə görə, bu sahələrin 97 faizinin yaxşı vəziyyətdə olduğunu deyib. Müqayisə üçün qeyd olunub ki, ötən il eyni dövrdə bu göstərici 87 faiz təşkil edirdi.
Bundan əlavə, 2025-ci ildə yazlıq əkinlərin ümumilikdə 56 milyon hektar sahəni əhatə edəcəyi proqnozlaşdırılır.


















