Persona

Xameneinin oğlu qlobal sərvət imperiyası qurub: Malikanələr, Avropada otellər, bank hesabları...

Bloomberg yazır ki, İranda etirazlar fonunda Xameneinin oğlunun qlobal sərvəti diqqət çəkir. İranda əhali yoxsulluq və siyasi təzyiqlərə etiraz olaraq küçələrə çıxdığı bir vaxtda, ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin oğlunun qlobal miqyasda topladığı sərvət diqqət mərkəzinə düşüb.

Bloomberg agentliyinin təxminən bir il davam edən geniş araşdırmasına görə, Xameneinin oğlu Müctəba Xamenei böyük maliyyə aktivlərini idarə edən genişmiqyaslı bir sərvət şəbəkəsinə nəzarət edir.

Araşdırmada qeyd olunur ki, Londonun ən varlı yaşayış bölgələrindən biri olan The Bishops Avenue ərazisindəki dəbdəbəli malikanələrin arxasında Tehrandan Dubaya və Frankfurta qədər uzanan mürəkkəb bir maliyyə şəbəkəsi dayanır. Bu mülklərin son benefisiar sahibinin isə bir sıra ofşor və pərdəarxası şirkətlər vasitəsilə İranın ali dini liderinin ikinci oğlu Müctəba Xamenei olduğu bildirilir.

Hazırda 56 yaşında olan din xadimi, atasının – Ayətullah Əli Xameneinin potensial varisi kimi göstərilir. Bloomberg-ə danışan mövzu ilə tanış şəxslərin və aparıcı Qərb kəşfiyyat qurumlarından birinin qiymətləndirməsinə əsasən, Müctəba Xamenei geniş investisiya imperiyasını idarə edir.

Mənbələrin sözlərinə görə, Müctəba aktivlərini birbaşa öz adına rəsmiləşdirməkdən qaçsa da, bəziləri 2011-ci ilə qədər uzanan razılaşmalarda onun birbaşa iştirakına dair izlər mövcuddur.

Bildirilir ki, Xameneinin maliyyə təsiri Fars körfəzindəki daşınma fəaliyyətlərindən, İsveçrədəki bank hesablarına, eləcə də dəyəri 100 milyon funt sterlinq (təxminən 138 milyon dollar) olan Britaniyadakı lüks daşınmaz əmlaklara qədər geniş bir spektri əhatə edir.

Araşdırmaya görə, bu şirkətlər şəbəkəsi ABŞ-ın 2019-cu ildə tətbiq etdiyi sanksiyalara baxmayaraq, Xameneinin milyardlarla dollar vəsaiti Qərb bazarlarına yönəltməsinə imkan yaradıb.

Malikanələr, Avropada otellər, bank hesabları: Müctəba Xameneinin qlobal mülklər şəbəkəsi

Müctəba Xameneinin nəzarətində olduğu iddia edilən aktivlər sırasında Avropanın müxtəlif ölkələrində yerləşən lüks daşınmaz əmlaklar, otellər və çoxsaylı bank hesabları yer alır.

Onun mülkləri arasında Londonun ən prestijli yaşayış məhəllələrində yerləşən yüksək dəyərli daşınmaz əmlaklar xüsusi diqqət çəkir. Belə mülklərdən birinin 2014-cü ildə alındığı zaman qiymətinin 33,7 milyon funt sterlinq olduğu bildirilir. Siyahıya həmçinin “Dubayın Beverly Hills-i” kimi tanınan ərazidə yerləşən malikanə, eləcə də Frankfurtdan Mallorkaya qədər uzanan lüks Avropa otelləri daxildir.

Daşınmaz əmlak reyestrlərinə əsasən, Torontodakı Four Seasons Private Residences kompleksində yerləşən penthaus mənzil 2020-ci ildə 10,5 milyon Kanada dollarına (təxminən 7,7 milyon ABŞ dolları) satılıb. Eyni zamanda, Paris şəhərində yerləşən bir binanın bir hissəsi 2023-cü ildə əl dəyişdirib.

İran əsilli, Tehranda doğulmuş və İslam Respublikasının rəhbərliyini açıq şəkildə tənqid edən Frankfurt şəhərinin mer müavini Narges Eskandari-Qrünberq bildirib ki, “İran hökuməti Almaniyanın maliyyə sistemində mövqe tutmağa çalışır və bu sistemi sui-istifadə obyektinə çevirir”.

Frankfurtun cənubunda yerləşən Hilton Frankfurt Gravenbruch oteli spa mərkəzi, kantri-klub və iki böyük bal zalı ilə seçilir. Otelin 2024-cü ildə Hilton brendi altında yenidən fəaliyyətə başlaması ilə bağlı yayımlanan açıqlamada, ABŞ mərkəzli qlobal otel şəbəkəsi bu obyektin beynəlxalq ulduzları və dövlət başçılarını qəbul etmə tarixini xüsusi vurğulayıb.

Bloomberg-in əldə etdiyi sənədlərə və mövzu ilə tanış mənbələrə görə, bu əməliyyatlar üçün tələb olunan vəsaitlər Böyük Britaniya, İsveçrə, Lixtenşteyn və Birləşmiş Ərəb Əmirliklərindəki bank hesabları üzərindən köçürülüb. Mənbələr bildirir ki, bu vəsaitlərin əsas mənbəyi İranın neft satışlarından əldə olunan gəlirlər olub.

Qeyd olunur ki, rəsmi sənədlərdə və daşınmaz əmlak qeydiyyatlarında Müctəba Xameneinin adı birbaşa yer almır. Bunun əvəzində, bir çox mülkün sahibi kimi oktyabr ayında Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalmış iranlı iş adamı Əli Ənsarinin adı göstərilir.

Bloomberg araşdırmanı bir ildir aparır

Bloomberg News-in bir il davam edən araşdırması, İranın ali dini lideri Ayətullah Əli Xameneinin ailəsinin maliyyə təsirinin İslam Respublikasının sərhədlərindən kənara necə yayıldığını üzə çıxarır.

Material Müctəba Xameneinin maliyyə əməliyyatları barədə birbaşa məlumata malik şəxslərlə aparılan müsahibələrə, həmçinin otel idarəetmə müqavilələrindən tutmuş şirkət sahibliyi detalları və bank köçürmələrinə qədər geniş spektri əhatə edən daşınmaz əmlak reyestrləri və məxfi iş sənədlərinin təhlilinə əsaslanır.

Bloomberg-ə danışan Qərb kəşfiyyat qurumlarının nümayəndələrinin qiymətləndirməsinə görə, bu razılaşmaların həyata keçirilməsində Əli Ənsari xüsusilə həlledici rol oynayıb.

Müctəbanın “kölgə adamı”: Əli Ənsari

57 yaşlı inşaatçı Əli Ənsari ötən il Böyük Britaniya rəsmiləri tərəfindən “korrupsiyaya bulaşmış iranlı bankir və iş adamı” kimi xarakterizə olunub.

Ənsari İranda İnqilab Keşikçiləri Korpusunun fəaliyyətini maliyyə baxımından dəstəklədiyi iddiası ilə sanksiyalara məruz qalıb. Bununla belə, o, hazırda Avropa İttifaqı və ABŞ tərəfindən sanksiya siyahısına daxil edilməyib.

Tehranın şimal-qərbində yerləşən fəhlə sinfinə məxsus bir ailədən çıxan Ənsari, zamanla İran Mall kimi lüks ticarət mərkəzi kompleksi, iri topdansatış şəbəkələri və yaxın vaxtlarda fəaliyyətini dayandırmış Ayandeh Bank daxil olmaqla geniş bir yerli biznes imperiyasının simasına çevrilib. Bu yüksəliş onu İslam Respublikasının ən nüfuzlu özəl sektor fiqurlarından birinə çevirib.

Ailə tarixini bilən şəxslərin sözlərinə görə, Ənsarinin ailəsi 1979-cu il inqilabı zamanı Tehrana köçüb. Həmin dövrdə bir çox insan yeni islamçı rəhbərliyin devrilmiş şahın sərvətini yenidən bölüşdürəcəyinə dair verdiyi vədlərdən təsirlənmişdi.

Bildirilir ki, Ənsarinin atası ali dini liderin ofisi tərəfindən maliyyələşdirilən, dini məkanların bərpası ilə məşğul olan yenidənqurma komitəsində fəaliyyət göstərib. Məhz bu proses onun atasını Hamaneyin yaxın çevrəsinə daxil olan yüksək rütbəli din xadimləri ilə tanış edib.

Müctəba ilə yolların kəsişməsi və biznes imperiyasının qurulması

1980-ci illərin sonlarında, İran-İraq müharibəsinin son mərhələsində, gənc Əli Ənsari hərbi xidmətə çağırılıb. Məhz bu dövrdə o, Müctəba Xamenei ilə ilk dəfə tanış olub.

Bundan sonra Ənsari gəlirli dövlət tenderləri və idxal lisenziyaları əldə edib. Məsələyə yaxın olan şəxslərin iddiasına görə, o, eyni zamanda dövlət vəsaitlərinin xaricə çıxarılmasında vasitə rolunu oynayan inşaat, nəqliyyat və neft-kimya sektorlarına sürətlə daxil olub.

1990-cı illərdə və 2000-ci illərin əvvəllərində Ənsari Tehranda yüksələn sənayeçi kimi tanınırdı. O, 2009-cu ildə TAT Bank-ı təsis edib. Bank sonradan Ənsariyə məxsus İran Mall adlı dəbdəbəli ticarət mərkəzinin inşası layihəsini maliyyələşdirməyə başlayıb.

2013-cü ildə birləşmə nəticəsində TAT Bank Ayandeh Bank adını alıb. Lakin bank 2025-ci ildə daxili məlumatlara əsaslanan kreditləşmə iddiaları fonunda borc bataqlığına düşərək iflasa uğrayıb. Bankın hakimiyyət dairələri ilə yaxın siyasi əlaqələri isə geniş mübahisələrə səbəb olub. Qeyd olunur ki, Ənsari Ayandeh Bank-ın əsas səhmdarı idi.

İddialar rədd edilir, cavab yoxdur

Vəkili vasitəsilə açıqlama verən Ənsari Müctəba Xamenei ilə hər hansı maliyyə və ya şəxsi əlaqəsinin olduğunu qəti şəkildə təkzib edib. O, həmçinin Böyük Britaniya tərəfindən tətbiq olunan sanksiyalara etiraz etmək niyyətində olduğunu bildirib.

Müctəba Xamenei isə Bloomberg-in 12 yanvar tarixində İran Xarici İşlər Nazirliyi, eləcə də BƏƏ və Böyük Britaniyadakı səfirliklər vasitəsilə göndərdiyi şərh sorğularına cavab verməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)