PAŞA Bank kütləvi səhm buraxır. Səhmin dəyəri 50-55 manat aralığında ola bilər
"PaşaBank" ASC səhm buraxır və əhalinin bu səhmlərdən pay alması üçün 932 min 926 ədəd səhm bazara daxil olacaq.
ENA.az xəbər verir ki, bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda İPO edən ilk özəl bank məhz PaşaBank olacaq və 354,512 milyon manatlıq nizamnamə kapitalının təxminən 5 %-ni təşkil edir. Bu rəqəm isə ilkin hesablamalarla nominalın 20 manat olduğunu göstərir. İdarə Heyətinin üzvü Murad Süleymanov bildirib ki, hazırda bazar qiymətləri nəzərə alınmaqla səhmin nominal qiymətinin 50-55 manat aralığında formalaşması gözlənilir. Lakin kütləvi satışa çıxış qiyməti hələki tam məlum deyil.
Bank səhmlərini Azərbaycan vətəndaşlarına satacaq və ölkəmizdə hesabı olan qeyri-rezidentlər də səhm ala bilərlər. Səhmə sahib olma üzrə yuxarı həddə gəlincə bu məsələ də dəqiqləşdirilir və şərtlər yaxın vaxtlarda daha açıq şəkildə bəyan ediləcək.
Səhmdarlara dividend ödənişinə gəldikdə isə 2025-ci ilin yekunlarına görə payçılara pul ödəniləcək. Qeyd edək ki, bu proses səhmdar tərkibinə də təsir edəcək və digər səhmdarların payı müəyyən qədər kiçiləcək.
"Bu göstərici "PAŞA Bank"ın maliyyə dayanıqlığını və gələcək gəlir potensialını nəzərə almaqla formalaşdırılıb. Bankın səhmdarlarının qərarı və İH-nin tövsiyəsi ilə bu sərvətimizin bir hissəsini potensial investorlarla - fiziki şəxslərlə bölüşməyi planlaşdırırıq. Eyni zamanda, digər mühüm məqsədimiz Azərbaycanda kapital bazarlarının inkişafına və böyüməsinə dəstək verməkdir, bazarın daha aktiv olmasına öz faydamızı verməkdir. Səhmlərə abunə yazılışına mart-aprel aylarında, ən geci may ayında başlamağı planlaşdırırıq.
Bəzən belə düşünülür ki, səhm satışı, IPO prosesi yalnız iri və imkanlı investorlar üçündür. Əslində bizim yerli IPO bunun tam əksini nəzərdə tutur. Biz istəyirik ki, bu proses pərakəndə investorlar, yəni fiziki şəxslər üçün, əhali üçün əlçatan olsun. İnsanlar kiçik məbləğlərlə yerli banklar və yerli broker tətbiqləri vasitəsilə bu prosesdə iştirak edə bilsinlər. Bu, fiziki şəxslərə depozitlər və istiqrazlarla yanaşı, ölkənin uzunmüddətli iqtisadi inkişafında pay sahibi olmaq imkanı yaradır. Eyni zamanda, biz bunu maliyyə savadlılığı baxımından da vacib mərhələ hesab edirik. Səhmlərin yerləşdirilməsi prosesi bankın uzunmüddətli və dayanıqlı inkişafını, şəffaflığını və maliyyə dayanıqlığını gücləndirməyi, Azərbaycan iqtisadiyyatına töhfə verməyi hədəfləyir", - deyə o qeyd edib.
"Paşa Bank"ın İH-nin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov qeyd edib ki, hazırda emissiya prospektinin yekunlaşdırılması, səhmlərin qiymətinə və digər şərtlərə dair yekun çərçivənin formalaşdırılması işləri aparılır: "Bu və digər şərtlər, o cümlədən qiymət, bazar şərtləri, investor marağı, qiymətləndirmə nəticəsi, beynəlxalq təcrübələr, həmçinin çalışdığımız məsləhətçilərin tövsiyələri əsasında formalaşdırılacaq və növbəti mərhələdə artıq emissiya prospekti yekunlaşması ərəfəsində məlumat veriləcək. Bizim vacib hədəflərimizdən biri səhmlərin geniş investor kütləsi üçün əlçatan olmasıdır. Məhz buna görə də satış prosesini həm rəqəmsal, həm də fiziki kanallar vasitəsilə daha rahat şəkildə qurmağı planlaşdırırıq. Səhmlərin alınması "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, ABB və yaxud digər tərəfdaşların platformaları, mobil tətbiqləri, o cümlədən "PAŞA Bank"ın mobil tətbiqi vasitəsilə mümkün olacaq. Eyni zamanda hər kəs rahat şəkildə "PAŞA Bank" və "Kapital Bank" ASC-nin filial şəbəkəsi vasitəsilə də səhmləri əldə edə biləcək".
"IPO sadə proses deyil. Bu, çoxmərhələli, mürəkkəb bir prosesdir. Həm yerli, həm də beynəlxalq təcrübələrin eyni şəkildə dəstəyini tələb edir. Məhz bu səbəbdən biz bu prosesi yalnız yerli tərəfdaşlarla deyil, həmçinin beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçiririk. IPO prosesində bizim məsləhətçimiz Gürcüstanın "TBC Capital" qrupudur. "TBC Capital" Gürcüstanda aparıcı investisiya bankı və London Fond Birjasında listinq olunmuş Gürcüstanın aparıcı maliyyə qrupu "TBC Bank"ın investisiya bankçılığı üzrə ixtisaslaşmış struktur bölməsidir və Gürcüstanın yerli bazarında 54 %-lik paya sahibdir. Bu gün beynəlxalq məsləhətçilərimizlə bizim həmkarlarımız daxildə bir yerdə demək olar ki, gündəlik əsasda çalışırlar. Məqsədimiz IPO-da beynəlxalq təcrübəni nəzərə almaq, yerli reallığı nəzərə alaraq bir yerdə hər mərhələdə düşünülmüş qərarları, təklifləri irəli sürməkdir. IPO nəticəsində cəlb ediləcək vəsaitin istifadəsinə gəldikdə isə, bu məqsəd aydındır: bu vəsaitlər kredit portfelinin genişləndirilməsinə, bankın biznesinin gücləndirilməsinə yönəldiləcək. Məqsəd bankın uzunmüddətli dayanıqlığını, rəqabətqabiliyyətliliyini məhz birlikdə gücləndirməkdir", - deyə o əlavə edib.

















