Bank

“Azər-Türk Bank”ın İdarə Heyətinə sədr təyin edildi

“Azər-Türk Bank” ASC-nin İdarə Heyətinə yeni sədr seçilib.

Məlumata görə, səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin üzvü Günel Nəbiyeva Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

O, bu vəzifədə Tural Həsənov Nurəddin oğlunu əvəz edib. T. Həsənov bu vəzifənin müvəqqəti icraçısı idi.

Günel Nəbiyeva 2020-ci ildən Azərbaycan İnvestisiya Holdinqində Baş hüquq inzibatçısı və digər rəhbər vəzifələrdə çalışıb. O, ölkənin bank sektorunda 15 ildən artıq zəngin təcrübəyə malikdir. 2006-cı ildən etibarən “Unibank” Kommersiya Bankı ASC-də, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasında (Mərkəzi Bank) müxtəlif rəhbər vəzifələr tutub. 2022-2025-ci illərdə “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının tərkibində yer alıb və 2025-ci ilin dekabr ayından Bankın İdarə Heyətinin üzvüdür. Bundan əlavə, Holdinqdəki fəaliyyəti dövründə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə  “Bakı Metropoliteni” QSC və “BakuBus” MMC-nin müşahidə şuralarının üzvü təyin edilib.

G.Nəbiyeva 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2008-ci ildə isə magistr pilləsini bitirib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 28 mart 2024-cü il tarixli Sərəncamı ilə Bankın nizamnamə kapitalında dövlətə məxsus səhmlərin 51%-i SOCAR-a ötürülmüşdür. Hazırda Bankın nizamnamə kapitalının ümumilikdə 75%-i dövlətə (51%-i SOCAR-da olmaqla), 6,55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i “Qala Həyat Sığorta Şirkəti” ASC-yə, 12,37%-i “T.C. Ziraat Bankası” AŞ-yə və 1.08%-i “Ziraat Bank İnternational” AG-yə məxsusdur. Səhmdarların ümumi yığıncağında dövlət adından qərarların qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)