Həkimlərin maaşları ilə yanaşı,ödənişləri də artıb
Minumum əmək haqqının 130 manatdan 180 manata qaldırılması səhiyyə sistemində işləyənlərin ödənişləri ilə yanaşı, xərclərini də artırıb.
"Businessinsider.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev açıqlamasında bildirib.
Dövlət səhiyyə sistemində çalışan həkimlərin məvaciblərinin son dərəcə aşağı olması hər kəsə məlum olan faktdır.
Amma minimum əmək haqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı Vahid Tarif Cədvəlinə (VTC) dəyişilikdən sonra bu sferada vəziyyətə baxıram, çox acınacaqlı durumdur. Mövcud qanunvericiliyə (səhiyyə sahəsində vahid tarif-ixtisas sorğu kitabçası) görə dövlət səhiyyə müəssislərində əmək stajından asılı olaraq həkim heyəti 9-15-ci dərəcələr, orta tibb heyəti 5-9-cu dərəcələr, aşağ tibb heyəti isə 3-4-cü dərəcələr əsasında maaş alırlar.
Yeni artımlardan sonra dövlət səhiyyə müəssislərində yeni işə başlamış həkimin maaşı (9-cu dərəcə ilə) 182 manatdan 246 manata, ən stajlı (11 ildən çox staja malik və 15-c idərəcə ilə) həkimlərin maaşı isə 251 manatdan 324 manata yüksəlib.
Amma gəlir vergisi və sosial sığorta ayırmalarında baş verən dəyişikliklərdən sonra işçiyə çatası xalis əmək haqqının gross məvacibə nisbəti aşağı düşüb.
Belə ki, 2019-cu ilin yanvarın 1-dək qüvvədə olan qanunvericiliyə görə maaşların yaşayış minimumunun 1 mislinədək olan hissəsi, yəni 2018-ci ildə 173 manat gəlir vergisindən azad idi. İşsizlik və pensiya sığortası isə birlikdə 3.5% idi.
Bu ildən isə gəlir vergisinə cəlb edilməyən hissə 200 manata, İşsizlik və pensiya sığortası isə birlikdə 10.5%-ə yüksəldi.
Məsələn, 2018-ci ildə 9-cu dərəcə ilə dövlət xəstəxanasında çalışan həkim 182 manata görə cəmi 7.6 manat gəlir vergisi+sosial sığorta ödəyirdi – xalis əmək haqqının gross maaşa nisbəti 96% idi. İndi isə 246 manat alan həmin 9-cu dərəcəli həkim 32 manat gəlir vergisi+sosial sığorta haqqı ödəyir – xalis əmək haqqının gross maaşa nisbəti 87%-ə enib.
Göründüyü kimi, ən aşağı dərəcə ilə məvacib alan dövlət xəstəxanasının həkiminin 64 manatlıq ümumi əmək haqqı artımından özünə çatan real artım 40 manatdan da azdır – 24 manatlıq isə vergi+sosial sığorta formasında yenidən büdcəyə qayıdır.
Dövlət səhiyyə müəssislərində maaşların çox aşağı olması ilə yanaşı tibb heyəti arasında maaş fərqləri çox azdır. Məsələn, aşağı tibb heyəti 200-210 manat, orta tibb heyəti 220-240 manat, həkim heyəti isə 245-325 manat aralığında dəyişir.
Doğurdan da dövlət qulluğunda “zərf”də 1500-2000 manat maaşlar, özəl xəstəxanalarda 5000-10000 manat qazanc müqabilində dövlət səhiyyə sisteminin həkimlərinin durumu çox acınacaqlı görünür.