Aqrar

Nazir Azərbaycanda heyvandarlıq sektorunun əsas problemlərini açıqlayıb

Azərbaycanda heyvandarlıq sektoru ilə bağlı aparılan təhlillər əsas problemlər kimi cins heyvanların ümumi sürüdə xüsusi çəkisinin aşağı olmasını, yerli cinslərin məhsuldarlıq göstəricilərinin zəifliyini, maliyyə resurslarına çıxış imkanlarının məhdudluğunu və kiçik təsərrüfatlarda istehsal olunan məhsulların emala cəlb edilməsində mövcud çətinlikləri ön plana çıxarır.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, bu problemlərin aradan qaldırılması məqsədilə heyvandarlıq məhsulları istehsalının artırılması və özünütəminat səviyyəsinin yüksəldilməsi, rəqabətqabiliyyətli dəyər zəncirinin formalaşdırılması, damazlıq işinin və süni mayalanma sisteminin təkmilləşdirilməsi, aqrar xidmətlərin institusional əsaslarının gücləndirilməsi və otlaq resurslarından səmərəli istifadənin təmin edilməsi prioritet istiqamətlər kimi müəyyən edilib.

"Bu çərçivədə istehsal xərclərinin qismən subsidiyalaşdırılması, investisiya təşviqlərinin genişləndirilməsi və vergi mexanizmlərinin təkmilləşdirilməsi üzrə yeni siyasət təşəbbüsləri formalaşdırılmaqda və aidiyyəti qurumlarla müzakirə olunmaqdadır. Əminik ki, həyata keçirilən bu kompleks və ardıcıl tədbirlər heyvandarlıq sektorunda məhsuldarlığın yüksəldilməsinə, ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə və kənd yerlərində sosial-iqtisadi inkişafın sürətləndirilməsinə əhəmiyyətli töhfə verəcək", - deyə o qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)