Bakıda taksi duracaq yerlərinin necə təşkil ediləcəyi açıqlandı
Bakı şəhərinin inzibati ərazisində yerləşən taksi duracaq yerlərinə dair tələblər təsdiqlənib.
"BI"nin məlumatına görə, Nazirlər Kabinetinin təsdiq etdiyi “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”də qeyd olunur ki, taksi duracaq yerləri yol hərəkəti qaydaları, nəqliyyatın fasiləsiz, təhlükəsiz və rahat hərəkəti nəzərə alınmaqla, taksi xidmətlərinə ehtiyacın daha çox olduğu küçə və prospektlərdə yaradılmalıdır. Taksi duracaq yerləri yol nişanı və nişanlanma xətti ilə işarələnməlidir. Sərnişin tələbatının çox olduğu ərazilərdə taksi duracaqlarında pavilyon quraşdırıla bilər.
Taksi duracaq yerləri ən azı üç taksi minik avtomobilinin yerləşə biləcəyi ölçülərə malik olmalıdır. Yol şəraitindən asılı olaraq, taksi minik avtomobillərinin səkiyə paralel və səkiyə bucaq altında durmasını nəzərdə tutan taksi duracaq yerləri yaradıla bilər. Taksi minik avtomobillərinin səkiyə paralel durması nəzərdə tutulduğu taksi duracaq yerləri hər bir minik avtomobili üçün 6,0-7,5 metr uzunluğunda yer olması şərtilə təşkil olunmalıdır.
Taksi minik avtomobillərinin səkiyə bucaq altında durmasını nəzərdə tutan taksi duracaq yerləri yalnız küçə və prospektlərin hərəkət hissəsinin kənarında xüsusi genişləndirilmiş sahələrdə, dayanmış taksi minik avtomobilinin əsas hərəkət zolaqlarında nəqliyyatın hərəkətinə hər hansı maneə yaratmadığı hallarda təşkil edilə bilər. Belə taksi duracaq yerlərində yanaşı dayanan hər bir taksi minik avtomobili üçün 2,5x5 metr ölçülərdə yer nəzərdə tutulmalıdır.
Hər bir taksi duracaq yeri Bakı Nəqliyyat Agentliyi tərəfindən aparılan vahid reyestrdə qeydə alınır. Reyestrdə duracağın adı, ünvanı, texniki göstəriciləri və başqa zəruri məlumatlar göstərilir.