BİZNES

Azərbaycan əhalisi pulu nəyə xərcləyir? - Pərakəndə satış üzrə rəsmi məlumatlar

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58 milyard 571,3 milyon manatlıq məhsul və xidmət satılıb. Belə ki 31 milyard 937,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 634,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4 %-i ərzaq məhsullarının, 4,1 %-i içkilər və tütün məmulatlarının, 14,9 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6 %-i avtomobil benzini və dizel yanacağının, 4,8 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,4 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

11 ayda qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,7 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ni təşkil edib.

Son 1 ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7%, fərdi sahibkarlar üzrə 1,2 %, bazar və yarmarkalarda isə 4,8 % artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 519,9 manatlıq, o cümlədən 283,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 236,4 manatlıq qeyri-ərzaq malları alıb.

Həmçinin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3 milyard 521,3 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. Bu, ötən ilin eyni ayları ilə müqayisədə 7,7 % çoxdur.

Ötən 11 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58 milyard 571,3 milyon manatlıq, o cümlədən 31 milyard 937,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard 634,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 %, qeyri-ərzaq malları üzrə 6,7 % artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)