Türkiyənin Azərbaycandan uçan hərbi təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb
21:14 – Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin qalıqları tapılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
O bildirib ki, axtarış- xilasetmə tədbirləri davam edir.
18:27 – Türkiyə Milli Müdafiə Nazirliyi: Qəzaya uğrayan Türkiyə hərbi karqo təyyarəsində 20 nəfərdən ibarət heyət olub.
17:59 – Gürcüstanın Daxili İşlər Nazirliyi: “Təyyarə Gürcüstan ərazisində, Azərbaycanla sərhəddən 5 kilometr aralıda qəzaya uğrayıb”.
17:31 – Türkiyə qəzaya uğramış hərbi yük təyyarəsinin qalıqlarının tapılmasında Gürcüstanla koordinasiyalı şəkildə işləyir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, qəzada həlak olanlara rəhmət diləyib və Türkiyənin bu qəzadan ən az ziyanla çıxacağına ümid etdiyini bildirib.
17:25 – Gürcüstan Hava Naviqasiyası Administrasiyası: “Türkiyəyə məxsus C-130 təyyarəsi Gürcüstan ərazisinə daxil olandan bir neçə dəqiqə sonra radarlardan itib. Təyyarə həyəcan siqnalı verməyib.
Administrasiya hadisə yerinə axtarış-xilasetmə qrupu göndərib. Hazırda Gürcüstanın müvafiq qurumları ilə birgə axtarış-xilasetmə işləri aparılır”.
16:40 – Azərbaycandan ölkəmizə yola düşən C130 hərbi yük təyyarəmiz Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.
Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Axtarış-xilasetmə işlərinə Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə başlanılıb”, məlumatda deyilir.


















