Sosial iqtisadiyyat

İş saatlarının dəyişdirilməsi ilə bağlı hökumətə müraciət olundu - RƏSMİ

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda iş saatlarının dəyişdirilməsilə bağlı Nazirlər Kabinetinə müraciət edib.

Bu haqda BNA-nın mətbuat katibi Mais Ağayev bildirib.

O qeyd edib ki, layihə təsdiqlənəcəyi təqdirdə pik saatlarda şəhər yollarında sıxlıq aradan qalxacaq:

“BNA tərəfindən Nazirlər Kabineti yanında yol hərəkətinin təhlükəsizliyi komissiyasına müvafiq təkliflər təqdim edilib. Düşünürük ki, bu təkliflər reallaşacağı təqdirdə, günün pik saatlarında şəhər yollarında nəqliyyat sıxlığını müəyyən qədər azaltmaq mümkün olacaq”.

M.Ağayev həmçinin, sıxlığın aradan qaldırılması üçün məktəblərdə servis avtobuslarının olmasının vacibliyini vurğulayıb:

“Məktəblərdə servis avtobusların olması da vacib məsələdir. Bu gün aparılan təhlillər onu deməyə əsas verir ki, xüsusən də səhər pik saatlarında məktəblərin ətrafında dayanma və durma qaydalarının kütləvi pozulması halı müşahidə edilir. Nəticədə vətəndaşlarımız səhər saatlarında iş yerlərinə, dərsə və s. ünvanlara gecikmə, lüzumsuz əsəb və stresslə çatırlar. Bu səbəbdən də məktəblilər üçün servis avtobusları olarsa, bunun özü də tıxac və nəqliyyat sıxlığının azaldılması baxımından əhəmiyyətli olar”.

 

Mətbuat katibi deyib ki, məktəblərdə servis avtobuslarının istifadə edilməsi də BNA-nın gündəliyində olan prioritet məsələlərdəndir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)