Sanksiyalardan sonra “Lukoyl” beynəlxalq bazarlardan çıxmağa hazırlaşır
Rusiyanın “Lukoyl” şirkəti Avropa İttifaqı (Aİ) və ABŞ tərəfindən tətbiq olunan sanksiyalar fonunda xarici aktivlərini satmağı planlaşdırır.
Bu barədə məlumat şirkətin rəsmi bəyanatında yer alıb. Bildirilib ki, bir sıra ölkələrin “Lukoyl” və onun törəmə müəssisələrinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməsi səbəbindən şirkət beynəlxalq aktivlərini satmaq niyyətindədir. Artıq potensial alıcılardan müraciətlərin qəbuluna başlanılıb.
Aktivlərin satışı ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən verilmiş fəaliyyətin dayandırılmasına dair lisenziyaya əsasən həyata keçiriləcək. Şirkət, zərurət yarandığı halda, lisenziyanın müddətinin uzadılması üçün də müraciət etməyi planlaşdırır ki, bu da beynəlxalq aktivlərin fasiləsiz işləməsini təmin etməyə imkan verəcək.
Qeyd edək ki, daha əvvəl ABŞ Maliyyə Nazirliyi “Rosneft” və “Lukoyl” neft hasilatı şirkətlərini, eləcə də bu şirkətlərin 34 törəmə müəssisəsini yeni sanksiya paketinə daxil etmişdi. Oktyabrın ortalarında Böyük Britaniya da “Lukoyl”u sanksiya siyahısına əlavə edib.

















