Ötən ilin əsas kibertəhdidləri açıqlandı
“Microsoft” korporasiyası “bulud” servislərindən keçən 6,5 trilyondan çox siqnalı təhlil edərək kibertəhdidlər haqqında hesabat açıqlayıb.
"Businessinsider.az" xəbər verir ki, tədqiqata görə, 2018-ci ildə dünyada fişinq hücumlarının sayında 350 faizdən çox artım qeydə alınıb. Orta aylıq fişinq göstəricisi 0,14 faizdən (aylıq 644 milyon məktub) 0,49 faizədək (2,254 milyard) yüksəlib. Korporasiya nümayəndələrinin fikrincə, bu tendensiya gələcəkdə də davam edəcək, çünki cinayət əməlləri texniki boşluqların deyil, insan zəifliyinin axtarışına yönəlib.
Fırıldaqçı virusların sayının 73 faiz azalmasını bildirən “Microsoft” analitikləri qeyd ediblər ki, cinayətkarlar bu nəzərəçarpacaq metoddan daha gizli hücumlara keçiblər. Buna səbəb isə istifadəçilərin təhlükələrə daha düzgün reaksiya verməyə başlamasıdır: cinayətkarlara pul ödəməkdə imtina edirlər, məlumatların ehtiyat nüsxəsini tətbiq edirlər.
Ötən il fırıldaqçı viruslar orta aylıq hücumların sayında kriptovalyuta istehsalından geri qalıb (0,12 faizə nisbətdə 0,05 faiz). Cinayətkarlar tərəfindən rəqəmli valyutaların gizli istehsalı üçün proqramların aktiv tətbiqinə və kriptovalyutaların generasiyası üçün qurbanların kompüterlərinin hesablama gücündən istifadəyə başlanılıb. Müdaxilə təkcə sistemin məhsuldarlığını azaltmır, eyni zamanda, daha böyük ziyan vurur.
Kriptovalyuta istehsalı virusları ilə daha çox qarşılaşan ölkələr siyahısına Efiopiya (5,58 faiz), Tanzaniya (1,83 faiz) və Pakistan (1,47 faiz) daxildir.