“GoldenPay”in (hesab.az) rəhbərliyinə təyinat olub
“Hesab.az” platformasının yaradıcısı olan “Qoldenpey” ASC-nin (Goldenpay) Müşahidə Şurasına yeni üzv seçilib. Bu vəzifəyə Orxan Nəcəfov təyin edilib.
Qeyd edək ki, Azərbaycanın ilk fintex şirkəti “Goldenpay”in 2007-ci ilin iyul ayında fəaliyyətə başlayıb. Şirkət innovativ, rəqəmsal və etibarlı maliyyə həlləri ilə fərdi və korporativ müştərilərin tələblərinə uyğun, yüksəkkeyfiyyətli xidmətlər təklif edir.
İstifadəçilərə daha böyük imkanlar təqdim etmək məqsədilə “Goldenpay” tərəfindən 2011-ci ilin aprel ayında “Hesab.az” onlayn ödəmə portalı istifadəyə verilib. Platforma kommunal, kredit, dövlət ödənişləri, sığorta xidmətləri və digər müxtəlif ödənişlər üçün geniş imkanlar təqdim edir.
26 mart 2025-ci il tarixində “Goldenpay” “Azerconnect Group”un tərkibinə daxil olub. Qeyd edək ki, “Goldenpay” şirkətinin Müşahidə Şurasının sədri Emil Məsimovdur.
Şirkətin Müşahidə Şurasına yeni üzv təyin olunan Orxan Nəcəfov, həmçinin “Azerconnect Group” şirkətində 2018-ci ilin aprel ayından etibarən Maliyyə üzrə Baş Müdir vəzifəsində çalışır. Daha əvvəl o, “Azerconnect Group” şirkətində Maliyyə üzrə Baş Müdirin müavini kimi törəmə müəssisələr və sabit şəbəkə biznesinin maliyyə idarəsindən məsul olub. “EY London”da korporativ maliyyə üzrə təcrübə qazanmış Orxan Nəcəfov bank, istehlak məhsulları sektoru və dövlət layihələrində də maliyyə sahəsində yüksək vəzifələrdə çalışıb.
O, 2017-ci ildə London Biznes Məktəbində MBA dərəcəsi almışdır. Həmçinin, Azərbaycan Dövlət İqtisad Universiteti, DePauw Universiteti və Mərkəzi Avropa Universitetində Maliyyə və İqtisadiyyat ixtisasları üzrə təhsil almış, CFA proqramının hər 3 səviyyəsini tamamlayıb.

















