BİZNES

Emin Ağalarov: “SeaBreeze” layihəsinin yalnız 10 faizini icra etmişik

"“SeaBreeze” layihəsinin birinci mərhələsi 6 kilometr uzunluğunda və 550 hektardır. Bunun təxminən yarısını tamamlamışıq, digər yarısı isə inşaat mərhələsindədir. Hazırda layihələndirdiyimiz 30 milyon kvadrat metrdən 3 milyon kvadratmetrini inşa etmişik. Yəni planlaşdırdıqlarımızın yalnız 10%-ni etmişik".

Bu barədə “Sea Breeze”in sahibi və təsisçisi, “Agalarov Development”in prezidenti Emin Ağalarov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) qeyd edib.

O bildirib ki, daha 3 milyon kvadrat metr hazırda tikilməkdədir:

“Eyni zamanda müxtəlif ölçülü və dizaynda, fərqli məqsəd üçün nəzərdə tutulmuş süni adalarda işlərə başlamışıq. “Dreamliner” layihəsi Dubayın “Burj Al Arab” hotelindən ilham alınıb.

“Nikki Beach” artıq iki mövsümdür fəaliyyət göstərir. Növbəti böyük klaster isə gələn il mayın 1-dək tamamlanacaq, yəni təxminən 7-8 ay ərzində. Bu mərhələdə əlavə 5 min sakin mənzillərinin açarlarını alacaq. “Sea Breeze Marina” da tam fəaliyyət göstərir. Bu böyük mühəndislik strukturu bəzi qayıqlar üçün nəzərdə tutulub. Böyük marina əvəzinə 22 kilometr sahil boyunca beş marina inşa etməyə qərar verdik”.

O əıavə edib ki, “Half Moon” adası artıq inşa mərhələsindədir:

“Tikintiyə bu il başlamışıq və bu il də tamamlayacağıq. Artıq ilk otellər və kazino üçün təməl işlərinə başlamışıq. Half Moon” adasındakı 50 hektar sahə 1 milyon kvadrat metr müxtəlif tikinti layihələrinin həyata keçirilməsinə imkan verəcək. Bunun 350,000 kvadrat metri otellər və ticarət zonalarına, 650,000 kvadrat metri isə yaşayış sahələrinə ayrılacaq. Yay mövsümündə burada 35-dən çox restoran fəaliyyət göstərir, həmçinin 60-dan çox iaşə məntəqəsi və kafe mövcuddur, və bu say hər il tədricən artır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)