Nazirlik: Birinci qrup əlilliyə görə sosial müavinət 300 manat ödəniləcək
Azərbaycanda I qrup əlilliyə görə sosial müavinət (150 manat) və təqaüd (100 manat+50 manat) formasında aprelin 1-dən ümumilikdə 300 manat ödəniləcək.
"Businessinsider.az"xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bu da hazırkı müvafiq məbləğlə müqayisədə 145 manat və ya 93,5 faiz çoxdur. Sosial müavinətin məbləği II qrup əlilliyə görə 2,1 dəfə artırılmaqla 61 manatdan 130 manata, III qrup əlilliyə görə isə 2,1 dəfə çox olmaqla 52 manatdan 110 manata çatdırılır.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı 577 minədək vətəndaşın rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyişə imkan verib. Onlardan 165 min 376 nəfəri ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən əlilliyi olan (əmək pensiyası almayan) vətəndaşlardır.
Sərəncama əsasən, bu kateqoriyaya aid vətəndaşlardan I qrup əlilliyi olan şəxslərə ödənilən sosial müavinətin məbləği 83 faiz artırılaraq 82 manatdan 150 manata, onlar üçün Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği isə 37 faiz artırılaraq 73 manatdan 100 manata çatdırılır.
Həmçinin, sərəncam I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü kimi 50 manat məbləğində təqaüdün təsis edilməsini nəzərdə tutur.