“İsrail-İran gərginliyi regionda turizm sektoruna yeni böhranlar yaşada bilər”

Regionda baş verən geosiyasi gərginliklər, xüsusilə İsrail və İran arasında artan qarşıdurma Azərbaycan və bütövlükdə regional turizmə mənfi təsir göstərə bilər.
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Kənan Quluzadənin sözlərinə görə, turizm sahəsi həm qlobal, həm də regional dəyişikliklərə ən həssas reaksiya verən sahələrdən biridir: “Bunu pandemiya dövründə açıq şəkildə gördük. Ən geniş və dərin böhranı məhz turizm sektoru yaşayıb. Eləcə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı gərginliklər də bu sahəyə təsirsiz ötüşmədi. Hər iki ölkə bizim üçün prioritet bazarlardır. Rusiya istiqamətində uçuşların azalması, təhlükəsizlik və digər səbəblərlə bağlı idi”.
K. Quluzadə bildirib ki, İsrail və İran da Azərbaycan üçün prioritet turizm bazarları sırasında yer alır: “İran Azərbaycana ən çox turist göndərən ölkələr sırasında ilk beşlikdə yer alır. İsrailli turistlərin hər hansı bir ölkəyə səfəri isə həmin ölkənin təhlükəsizlik baxımından etibarlı olmasına işarədir. Son illər İsraildən Azərbaycana davamlı turist axını müşahidə olunurdu. Amma indi bu gərginlik fonunda yeni böhranlar yarana bilər”.
O əlavə edib ki, Azərbaycan hökuməti və Dövlət Turizm Agentliyi bu cür riskləri öncədən nəzərə alaraq yeni bazarlar üzərində çalışır: “Məqsəd - böhran yaşayan bazarlardan asılılığı azaltmaq və turizm axınında balansı qorumaqdır. Məsələn, bu ilin 5 ayında ölkəyə gələn turistlərin sayında artım 1,5 % olub. Bu artım əsasən Orta Asiya, Uzaq Şərq və Çin bazarlarının hesabına təmin edilib”.
O, bəzi ərəb ölkələrindən Azərbaycana turist axınının da bərpa olunduğunu qeyd edib: “Ərəb turistlərin davranış xüsusiyyəti belədir ki, bir istiqamətə 3-5 il ərzində intensiv gedirlər, sonra yeni alternativlər axtarırlar. Hazırda həmin ölkələr üzrə ikinci dalğanın başladığını görürük. Elə ölkələr var ki, 1,3 dəfə artım qeydə alınıb”.
Hindistandan turist axınına toxunan K.Quluzadə bildirib ki, bu ölkə hazırda Azərbaycana ən çox səyahətçi göndərən üçüncü ölkədir: “Amma son gərginliklər bu bazarda müəyyən azalmaya səbəb olub”.
Bütün bunlara baxmayaraq, K.Quluzadə ümumi tendensiyanın müsbət olduğunu deyib və əlavə edib ki, Azərbaycanın turizm sektoru ilin əvvəlindəki 1 % geriləməni artıq aradan qaldırıb.
Xatırladaq ki, bu gün səhər saatlarında İsrail İranın paytaxtı Tehran, Təbriz, İsfahandakı Natanz nüvə obyektinə, Luristan və Kirmanşah şəhərlərinə hücumlara başlayıb.