Bakıda ticarət dövriyyəsinin həcmi 5 faizə yaxın artdı

Bu ilin birinci rübündə Bakıda ticarət dövriyyəsinin həcmi 8 milyard 483,3 milyon manat olub.
ENA.az xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsinin açıqladığı məlumata görə, bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 4,6 faiz çoxdur.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz artaraq 4782,3 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 10,6 faiz artaraq 3701,0 milyon manata bərabər olub.
İstehlak məhsullarının 37,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 10,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.