İşə bir investor kimi yox, o işin iştirakçısı kimi baxmağa başladım

Mən, Ehtiram Quliyev, 1977-ci ildə Bakı şəhərində anadan olmuşam. Əslən Tovuzlu olsam da, Bakıda doğulub, burada böyümüşəm. Orta məktəb təhsilimə Bakı şəhərində başlamışam. 1992-ci ildə Türkiyə Cümhuriyyətində elan olunan tələbə mübadiləsi layihəsi çərçivəsində Bursa şəhərində oxuma şansı qazanmışam və orta təhsilimi oradakı liseydə tamamlamışam. Daha sonra Ankara Universitetinin hüquq fakültəsinə qəbul olmuşam. Ümumilikdə lisey və tələbəlik həyatım Türkiyədə keçib. Sonra Azərbaycana geri dönmüşəm.
Azərbaycanda ilk iş fəaliyyətim özəl klinikaların birində hüquqşünas kimi çalışmağımla başlayıb. Bir müddət sonra həmin şöbənin struktur rəhbəri vəzifəsində çalışdım. Daha uğurlu karyera və şəxsi biznes qurmaq üçün oradan ayrıldım. Bir müddət sonra özəl müəssisələrin birində insan resursları şöbəsinin rəhbəri vəzifəsində çalışmağa başladım. Yenə də gündəlik iş həyatı məni qane etmirdi. Hər zaman xəyalım, həvəsim, arzum şəxsi biznes qurmaq idi. İlk şəxsi biznesim elə çalışdığım həmin qurumda tibb xidmətinin göstərilməsi ilə bağlı elan olunan tenderdə iştirak etməklə başladı. Əslində bu mənim üçün o qədər də çətin olmadı. Çünki çalışdığım müddətdə həmin xidmət mənim öhdəliyimdə idi. İlk qatıldığım tenderin qalibi oldum və iş həyatına atıldım. Bu, tibb xidməti idi və indi də “Medical Assistant” şirkəti kimi biznesi davam etdirirəm.
Eyni zamanda, bildiyiniz kimi mən daha çox tikinti biznesi ilə məşğulam. Yəni, yaşayış komplekslərinin tikilməsi və satılması ilə məşğulam.
Bu ideya - daha uyğun bir zamanda daha uyğun bir mənzil alıb və daha sonra onu uyğun bir zamanda uyğun qiymətə satmağımla yarandı. Ondan sonra məndə bu sahəyə maraq oyandı. Özümü bu sahədə də sınamağa çalışdım. İlk başda bir neçə şəriklə birlikdə tikinti biznesinə başladıq.
Təbii ki, qarşılaşdığımız çətinliklər var idi. Əsas çətinliklərdən biri mənim bu sahəyə yad olmağım idi. Amma bunun öhdəsindən gəlmək üçün işə bir investor kimi yox, o işin iştirakçısı kimi baxmağa başladım. İşin iştirakçısına çevrildim. Yəni, bütün iş prosesinə daxil olurdum, işi bütün incəliklərinə qədər öyrənməyə çalışırdım. Bunları edəndə biznesi daha yaxşı anlayırdım. Yəqin ki, məhz elə bunun nəticəsidir ki, bir müddət sonra tikinti biznesində özümü artıq tək olaraq sınamağa qərar verdim. Yaşayış kompleksləri tikmək və onların satışını həyata keçirməklə məşğul olmağa başladım. Açığı mənim düşüncələrimdə normal bir MTK kimi fəaliyyət göstərmək yox idi. Mən Azərbaycanda bir brend, bir marka yaratmağı düşünürdüm. Məhz elə bunun nəticəsiydi ki, 2017-ci ildə “Huner Group”u təsis etdik və digər şirkətlərimizin hamısını bu brendin çətiri altında birləşdirməyə nail olduq. 2017-ci ildən bəri Huner Group adı altında fəaliyyətimizi davam etdiririk. Ümumiyyətlə, inşaat sahəsi dövlətin iqtisadi inkişafını göstərən amillərdən biridir. Bu sahə hər zaman cənab Prezidentimizin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri olub. Bu baxımdan son illərə nəzərə salsaq, tikinti sektorunda gedən canlanmanın və dinamik inkişafın şahidi olarıq. Həm dövlət kapital qoyuluşu, həm özəl sektor tərəfindən yatırılan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan verib.
Əslində məqsədimə çatdımmı?! Düşünürəm ki, çatdım. Məhz elə bu düşüncələrimi, bu ideyalarımı həyata keçirmək üçün “Huner Group”dan sonra mən istəyimə çatdım. Yuxarıda qeyd etdiyim kimi, mənim məqsədim bir MTK kimi fəaliyyət göstərmək deyildi. Yəni, mənim düşüncəm budur ki, biz sadəcə mənzil tikib, onu satana qədər maraqlanmırıq. Onu satandan sonra da bizim üçün maraqlıdır. Orada yaşayan sakinlərin xidmətimizdən razı qalıb-qalmadıqları bizim üçün önəmlidir. Elə bunun nəticəsidir ki, bizim özümüzün təxminən 3 min m² ərazini əhatə edən ofisimiz var. Bu, Azərbaycanda tikinti şirkətləri arasında analoqu olmayan bir nümunədir. Çox unikal ofisimiz var, hətta ofisimizdə işçilərimiz üçün əyləncə və istirahət otaqları belə fəaliyyət göstərir. Biz bu komfortu, eyni zamanda, sakinlərimiz üçün də yaratmışıq. Yaşayış komplekslərimizdə əhəmiyyətli bir sahəni sırf sakinlərin istirahəti və əyləncəsi üçün ayırmışıq. Əslində biz o sahəni mənzil kimi və ya qeyri-yaşayış obyekti kimi satıb daha çox pul qazana bilərdik, amma bizim üçün hər şey pul deyil. Yaşayış komplekslərində sırf sakinlər üçün Karaoke otağı, Musiqi otağı, Fitnes zal, Kinoteatr, Futbol meydançası kimi bir neçə xidmət sahələrimiz var ki, bütün bunlar sırf sakinlərə xidmət göstərir.
Belə bir təəssürat yarana bilər ki, mənim bir məqsədim var idi və mən o məqsədimə çatmışam. Əslində yox, mən çox xəyalpərəst insanam. Bəlkə də onlarla, yüzlərlə, minlərlə xəyal qururam. Təbii ki, o xəyalların içində biri mütləq nəticəyə gəlib çıxır. Bu biznes də mənim o xəyallarımdan biriydi və çox şükür ki, artıq onu reallaşdıra bilmişəm. Bundan sonra da irəliyə doğru davam!
Təbii ki, biznes səhvlərsiz olmur və bu səhvlər müəyyən vəsait itkisiylə nəticələnir. Çox şükür ki, bizdə vəsait itkisi az olsa da, imic itkisi heç vaxt olmayıb. İnsanlar mənzil inşasının “Huner Group” tərəfindən həyata keçirildiyini biləndə özlərini güvəndə hiss edirlər, bax bizim üçün ən böyük dəyər budur.
Məndən soruşanda ən çox tövsiyə etdiyim budur ki, çox çalışın, əzmkarlıq nümayiş etdirin. Hansı işə marağınız varsa, xüsusilə də kiçik sahibkarlara demək istəyirəm ki, hansı işlə məşğul olursunuzsa o işdə davam edin. Qısa bir nümunə verirəm, məsələn mənim tanışlarım, əhatəmdəki insanlar gəlib mənə deyirlər ki, əlimdə 1 milyon manatım var. Bu 1 milyon manatı necə dəyərləndirə bilərəm? İstəyirəm tikinti biznesinə qoşulum. Mənim o adama iki cür cavabım olur. Cavablarımdan biri odur ki, bu pulu necə qazanmısan? Məsələn, adam deyir ki, metal alqı-satqısı ilə məşğul olub qazanmışam. Ona tövsiyə edirəm ki, bu satışa, bu işə davam etsin. Əgər o biznesdən 1 milyon kimi böyük məbləği qazana bilmisənsə, demək ki, daha çox pul qazana bilərsən. İkinci tövsiyəm də o olur ki, əlindəki 1 milyonu saxla, 1 ildən sonra görüşək. 1 ildən sonra adamla görüşürük və əgər o pul xərclənibsə, pulu normal dəyərləndirə bilməyibsə adama bizneslə məşğul olmamağı məsləhət görürəm və ya öz bildiyi bizneslə məşğul olmağı tövsiyə edirəm. Yaxud da pulu necə dəyərləndirməsi ilə bağlı ona məsləhət verirəm. Bir sözlə, hərə öz bildiyi işlə, arzuladığı işlə, daha çox ürəyinə yatan işlə məşğul olsun.