AÇG və “Şahdəniz”dən indiyədək 480 milyard kubmetr qaz hasil edilib

2025-ci ilin yanvar-aprel aylarında “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 may 2025-ci il tarixinədək 656,8 milyon tona yaxın neft (kondensatla birlikdə), 480 milyard kubmetr qaz hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 606,9 milyon ton neft, 234,2 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 49,9 milyon tona yaxın kondensat, 245,8 milyard kubmetr qaz çıxarılıb. Bundan 1 may 2025-ci il tarixinədək təqribən 654,9 milyon ton neft, 176,5 milyard kubmetr qaz ixraca nəql edilib.
Bu barədə ENA.az-a Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, ölkədə 16,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 9 milyard kubmetri “Şahdəniz”in, 0,5 milyard kubmetri “Abşeron” yatağının, 2,7 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.
Hesabat dövründə xaricə qaz satışı 8 milyard kubmetr təşkil edib. Bundan 4 milyard kubmetr Avropaya, 3,1 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,9 milyard kubmetr), 0,9 milyard kubmetr Gürcüstana satılıb.