SOCAR Türkiyədə 250 milyon dollara qaz elektrik stansiyası alacaq

Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə qaz elektrik stansiyası almaq üçün yüksək səviyyəli danışıqlar aparır.
Bu barədə “Bloomberg HT” məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, “SOCAR Türkiye” Türkiyənin “Gama Enerji A.Ş.” şirkətinə 870 meqavatlıq Mərkəzi Anadolu Qaz İstilik Elektrik Stansiyası üçün 225–250 milyon ABŞ dolları aralığında məcburi hüquqi öhdəlik yaratmayan təklif təqdim edib və tərəflər danışıqları bu təklif əsasında davam etdirməyə razılıq veriblər.
Qeyd olunub ki, Azərbaycan Rusiyadan sonra Türkiyənin ikinci ən böyük təbii qaz tədarükçüsüdür və eyni zamanda qazı Türkiyə üzərindən Avropaya ixrac edir. Həmin elektrik stansiyasını almaq SOCAR-a Türkiyənin böyüyən elektrik bazarında mövqe tutmaq və təchizat artıqlığını gəlirə çevirmək üçün alternativ bir imkan verəcək.
Mənbələr onu da bildiriblər ki, SOCAR hələlik məcburi hüquqi öhdəlik yaradan təklif təqdim etməyib və istənilən razılaşma hər iki şirkətin idarə heyətinin təsdiqinə bağlı olacaq.(Teleqraf.az)