Deputat: Aylıq müavinətin məbləği 22 manatdan 33 manata qaldırılıb
“Bu gün ermənilərin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının 27 ili tamam olur. Belə bir gündə ölkə başçısı cənab İlham Əliyev tərəfindən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” sərəncam imzalanması bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğının bariz nümunəsidir. Məhz belə bir gündə ölkə başçısı tərəfindən bu cür addımın atılması onun böyüklüyündən xəbər verir. Bu kateqoriyaya aid olan insanların sayı isə ölkəmizdə 1 milyondan çoxdur”.
Bu sözləri açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılıb.
“Belə ki, aprelin 1-dən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün vahid aylıq müavinət 40 manatdan 60 manata, fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində, fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği isə 22 manatdan 33 manata qaldırılıb”.
H. Rəcəbli qeyd edib ki, dünən Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirmişdi ki, Azərbaycanda məcburi köçkünlərlə bağlı bu il çox geniş inşaat proqramları icra ediləcək.
“Bu il 6 mindən 7 minə qədər köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək. Artıq bu məsələ ilə bağlı ölkə başçısı müvafiq tapşırıqlar verib. Həm bölgələrdə, həm Bakı şəhərində, Sumqayıt şəhərində bu proqram icra ediləcək. Hesab edirəm ki, ölkəmizdə belə proqramların həyata keçirilməsi davam edəcək”.
Komitə sədri hesab edir ki, 2019-cu il Azərbaycanda sosial müdafiə sistemində aparıcı il olaraq yadda qalacaq.
“Bu addımlar isə ilbəil davam edəcək. Azərbaycanın büdcəsinə əlavə maliyyə daxil olduqca, bu qrup insanların da sosial müdafiəsi güclənəcək”.