BİZNES

İqtisadi qeyri-müəyyənlik son 5 ildə ən yüksək səviyyədədir

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qlobal iqtisadi qeyri-müəyyənliklə bağlı məlumat açıqlayıb. Məlumata görə qlobal iqtisadi qeyri-müəyyənlik indeksi aprel ayında bir əvvəlki aya görə 52 faiz artaraq 33,2 bəndə yüksəlib.

Bundan əlavə, iqtisadi qeyri-müəyyənlik indeksi qlobal miqyasda Covid-19 böhranının başladığı 2020-ci ilin mart-aprel aylarından bəri aprel ayında ən yüksək səviyyəyə qalxıb.

Qlobal qeyri-müəyyənliyin əsas səbəblərindən biri ABŞ prezidenti Donald Trampın aprelin əvvəlində xarici ölkələrə tətbiq olunacaq gömrük rüsumlarını açıqlamasıdır. Açıqlanan tariflərdən sonra dünyanın iki ən böyük iqtisadiyyatı olan ABŞ və Çinin qarşılıqlı gömrük rüsumlarını 125 faizə yüksəltməsi qlobal miqyasda iqtisadi qeyri-müəyyənliyə səbəb olan başqa bir amildir.

Digər tərəfdən, OECD sosial media hesabından iqtisadi qeyri-müəyyənlik indeksinin son günlərdə bir qədər aşağı düşdüyünü paylaşıb. Bunun səbəbləri kimi Trampın digər ölkələrə tətbiq etdiyi tarifləri 90 gün təxirə salması və ölkələrin tariflərlə bağlı razılaşma ilə bağlı müxtəlif açıqlamalar verməsi göstərilir.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)