ING: Azərbaycan ABŞ ticarət tariflərinin birbaşa təsirindən əhəmiyyətli dərəcədə qorunub

Azərbaycan ABŞ-ın ticarət tariflərinin birbaşa təsirindən nisbətən qorunmuş hesab olunsa da, dolayı iqtisadi təsirlərə qarşı həssaslığını saxlayır.
Bu barədə Niderlandın aparıcı maliyyə qurumlarından biri olan “ING Group”un son hesabatında qeyd olunur.
Bildirilir ki, ölkənin makroiqtisadi vəziyyəti sabit qalır. Lakin qlobal iqtisadi qeyri-müəyyənliklər fonunda Azərbaycan üçün əsas risklər Çin və Avropa İttifaqı (Aİ) ilə ticarət əlaqələrinin dərinliyi, neft qiymətlərinin dəyişkənliyi və artan inflyasiya təzyiqləridir.
ING analitikləri bildirirlər ki, ABŞ tariflərinin MDB ölkələrinə birbaşa təsiri azdır. Bu, həmin ölkələrin ABŞ-a ixrac payının ümumilikdə 0,5-2 % arasında dəyişməsi ilə izah olunur. Eyni zamanda, MDB ölkələrinin ixrac gəlirlərinin 50-95 %-i xammal məhsullarına əsaslanır.
Məsələn, ixrac gəlirlərinin təxminən 40 %-ni qızıl hesabına əldə edən Özbəkistan üçün qiymət artımı müsbət təsir yarada bilər. Lakin ABŞ tərəfindən tarif tətbiq olunan əsas iqtisadiyyatlarla (xüsusilə Çin və Aİ ilə) sıx ticarət əlaqələri olan MDB ölkələri qlobal iqtisadi artımın zəifləməsindən dolayı mənfi təsirlərlə üzləşə bilərlər.
Bu kontekstdə ixracının 10-20 %-ni Çin və Aİ bazarlarına yönəldən Ermənistan və Özbəkistan xarici risklərə daha az məruz qalır. Əvəzində, bu istiqamətlərin payı 50-60 %-ə çatan Azərbaycan və Qazaxıstan daha çox risk altındadır.
Hesabatda enerji resurslarına olan asılılığa xüsusi diqqət yetirilib. Azərbaycanın büdcə gəlirlərinin 52 %-i, ixracın isə 88 %-i neft sektorundan formalaşır. Qazaxıstanda bu göstəricilər müvafiq olaraq 22 % və 55 % təşkil edir.
Bununla belə, ING analitikləri Azərbaycanın daha dayanıqlı mövqedə olduğunu vurğulayırlar. Belə ki, balanslaşdırılmış büdcə və cari əməliyyatlar balansı üçün Azərbaycan üçün neftin bir barelinin qiyməti 63-64 dollar səviyyəsində yetərlidir. Qazaxıstan isə büdcə balansı üçün 80 dollar, cari hesab üçün isə 87 dollar qiymət səviyyəsinə ehtiyac duyur.
Bankın hesabatına görə, region ölkələrində inflyasiyanın artmasına həm qlobal, həm də daxili amillər təsir göstərir.
“Qlobal təchizat zəncirlərindəki pozulmalar qiymət artımını sürətləndirərkən, daxildə həyata keçirilən fiskal proqramlar, kommunal tariflərin artması və sosial xərclər də inflyasiya təzyiqlərini artırır. Bu amillər Azərbaycan, Ermənistan və Qazaxıstan üçün aktualdır”, - ING hesab edir.
Mərkəzi banklar isə bu təzyiqlərə daha sərt siyasətlə cavab verirlər. Məsələn, Qazaxıstan Milli Bankı aprelin 11-də uçot dərəcəsini 16,5 % səviyyəsində saxlayıb və yüksək faiz dərəcələrinin uzun müddət qorunacağı ilə bağlı xəbərdarlıq edib. Bu qərarın daxili iqtisadiyyata təsiri isə məhdud olur, çünki ölkədə kredit portfelləri kiçikdir. İstisna olaraq, kreditlərin ÜDM-in 60 %-ni təşkil etdiyi Ermənistanda bu siyasətin təsiri daha güclü hiss oluna bilər.
Valyuta məzənnələri ilə bağlı ING-nin proqnozları birmənalı deyil. Dolların zəifləməsi MDB ölkələrinin valyutalarına nəzəri cəhətdən dəstək verə bilər. Lakin bu amil neft və qaz kimi ixrac gəlirlərinin azalması riskini kompensasiya etmək üçün kifayət etməyə bilər.
Analitiklərin fikrincə, Azərbaycanın milli valyutası – manat yüksək valyuta ehtiyatları və ÜDM-in 100 %-nə bərabər olan fiskal ehtiyatlar sayəsində sabitliyini qoruyur. Özbəkistan sumu isə qızıl qiymətləri və əvvəlki devalvasiyalar səbəbilə daha dayanıqlı görünür. Ən həssas valyuta isə Ermənistan dramı hesab olunur.
Qazaxıstan tengesi isə regional valyutaların dəyişkənliyinə qarşı həssas qalmaqda davam edir. Bununla belə, dövlət müdaxilələrinin yaxın perspektivdə onun məzənnəsini dəstəkləyəcəyi gözlənilir.