Avtomobil

Ən çox maşın bu rayonlardadır – SİYAHI

12 gün davam edən qeyri-iş günlərinin başa çatmasının ardından Bakı yollarında tanış mənzərə müşahidə olunur: uzun tıxaclar, pik saatlarda hərəkət çətinləşməsi və küçələrdə artan avtomobil sıxlığı.
Son statistikalara görə, ölkəmizdə 1.6 milyon minik avtomobili var.

Azərbaycanda hər 1000 nəfərə düşən avtomobil sayı 171, hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin ortalama sayı isə 62-dir. Qeyd edək ki, bu rəqəm 10 il əvvəl 52 idi. Statistikalar onu deməyə əsas verir ki, ölkədə şəxsi minik avtomobillərinin sayında son  5 ildə ciddi artım müşahidə olunur. Regionlar arasında avtomobillərin paylanmasında isə qeyri-bərabərlik olduğu müşahidə edilir.

Ölkədə hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin ən yüksək göstəricisi Bakının payına düşür. Belə ki, paytaxtda hər 100 ailədən sadəcə 3-ü avtomobilsiz hesab edilir.

Şəxsi minik avtomobillərinin çox olduğu digər bölgələr Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonları hesab edilir.

Statistikalara görə bu ərazilərdə hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin sayı aşağıdakı kimidir:
Xocalı – 84
Xocavənd – 83
Qubadlı – 78
Şuşa – 76
Ağdam – 68
Zəngilan, Füzuli – 63
Laçın, Cəbrayıl – 61

Bundan əlavə Azərbaycanda ən çox avtomobillər ölkənin Şimal – Qərb ərazisinə aiddir. Belə ki, Qazax, Göygöl, Tovuzda hər 100 ailəyə düşən şəxsi avtomobillərin sayı 61, Şəmkirdə isə 65-dir. Şəhərlərə gəldikdə isə Sumqayıtda bu göstəricilər 60, Gəncədə 62, Mingəçevirdə 44, Naftalanda 57, Şəki və Şirvanda 51, Yevlaxda isə 50-dir.

Müşahidələrə əsasən, tıxac probleminin dərinləşməsinin əsas səbəblərindən biri şəxsi avtomobillərin geniş yayılmasıdır. Ekspertlər düşünür ki, bu tendensiyanın davam etməsi şəhər içi hərəkətin daha da mürəkkəbləşməsinə, hava çirkliliyinin artmasına və nəqliyyat sisteminin effektivliyinin azalmasına səbəb ola bilər.
Mütəxəssislər tıxac probleminin həlli üçün bir neçə əsas istiqamətin vacib olduğunu bildirirlər. İlk növbədə, ictimai nəqliyyat sisteminin müasir tələblərə uyğun şəkildə inkişaf etdirilməsi və əlçatanlığının artırılması önəmlidir. Xüsusilə metro xətlərinin genişləndirilməsi, avtobus marşrutlarının optimallaşdırılması və sərnişinlər üçün rahat nəqliyyat infrastrukturunun yaradılması vacib addımlardan sayılır. Bundan əlavə, regionlarda ictimai nəqliyyatın daha effektiv təşkili avtomobillərdən asılılığı azalda və yollardakı yükü nisbətən yüngülləşdirə bilər.
Şəhər daxilində alternativ nəqliyyat vasitələrindən istifadənin təşviqi də vacib amillərdən biridir.

Ekspertlər qeyd edirlər ki, velosiped yollarının artırılması, piyadalar üçün daha geniş və təhlükəsiz ərazilərin yaradılması insanların avtomobildən istifadəsini məhdudlaşdıra bilər. Eyni zamanda, fərdi avtomobillərin istifadəsinə tələbatı azaltmaq üçün parklanma siyasətinin təkmilləşdirilməsi və tıxacın yüksək olduğu saatlarda xüsusi nəqliyyat məhdudiyyətlərinin tətbiqi də mümkün həll yolları arasında göstərilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)