Bu zavod özəlləşdirməyə çıxarılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) "Azneftkimyamaş" ASC-nin tabeliyində olan "Zabrat Maşınqayırma Zavodu" ASC-nin dövlətə məxsus səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
ENA.az ƏMDX-ya istinadən xəbər verir ki, müsabiqə "Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"na uyğun olaraq elan olunub.
Bakının Sabunçu rayonunun 1-ci Zabrat qəsəbəsində yerləşən zavodun özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar sərmayə qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi dəyəri 4 milyon manatdan az olmayan investisiya proqramı təqdim etməli, iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, məhsul çeşidinin genişləndirilməsi ilə bağlı konkret təkliflər verməlidirlər.
Müəssisənin ümumilikdə 951 839 manat öhdəlikləri var. Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (2 850 000 manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə ölkə vətəndaşları ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər. İddiaçıların ərizə və təkliflərinin qəbulu dekabrın 15-nə qədər ƏMDX-da (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaq.
Komissiya müsabiqə təkliflərini həmin ünvanda 16 dekabr saat 15:00-dan başlayaraq qiymətləndirəcək.


















