""Moyka" işlədən sahibkar gəlir vergisi ödəməlidir"
Avtoyuma məntəqəsi işlədən sahibkar sərnişindaşıma şirkətlərinə xidmət göstərdiyi halda sadələşdirilmiş vergiödəyicisi kimi fəaliyyət göstərə bilərmi?
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, vergiödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.
Qeyd olunanlara əsasən, fərdi sahibkar hüquqi şəxslərə xidmət göstərdiyi halda, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ olmadığından cari il yanvarın 1-dən gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir. O da nəzərə alınmalıdır ki, həmin tarixdən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.