Bank

“S&P” Rusiya və Ukrayna arasında mümkün atəşkəsin Azərbaycanın bank sisteminə də təsirini araşdırıb

“S&P Global” beynəlxalq reytinq agentliyi Rusiya ilə Ukrayna arasında atəşkəs razılaşması əldə olunsa belə, 2025-ci ildə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin bank sektorunun sabitliyi üçün ciddi risklərin olacağını gözləmir.

Bu ölkələr arasında hərbi əməliyyatların mümkün sona çatması region ölkələrinin iqtisadiyyatlarına və onların bank sistemlərinə məhdud səviyyədə birbaşa təsir göstərəcək.

“S&P”nin ekspertlərinin fikrincə, iqtisadi artımın yavaşlaması, pul köçürmələrinin və ticarət axınlarının azalması ehtimalına baxmayaraq, bu regionda maliyyə sektoru dayanıqlı qalacaq, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatını dəstəkləməyə davam edəcək. Agentlik makroiqtisadi nəticələrin azı ilkin mərhələdə zəif olacağını gözləyir.

Amma “S&P” Rusiya ilə Ukrayna arasında mümkün atəşkəsdən sonra Mərkəzi Asiya və Cənubi Qafqazdan miqrantların, investisiyaların və kapitalın ciddi və sürətli axınının olacağını proqnozlaşdırmır. Hesabatda qeyd edilib ki, bu, iqtisadi volatilliyi minimuma endirməlidir:

“Güman ki, miqrasiya axınları radikal şəkildə dəyişməyəcək. Miqrantların və xarici mütəxəssislərin gəlişi ilə bağlı iqtisadiyyata müsbət təsir qalacaq. Lakin bu, orta miqyasda olacaq. Son illər bu proses informasiya və kommunikasiya texnologiyaları (İKT), logistika, maliyyə xidmətləri, mehmanxana biznesi və ticarət kimi sektorların inkişafına töhfə verib.

Belə ki, 2022-ci ildən Rusiyadan olan bir neçə min şirkət Gürcüstanda qeydiyyatdan keçib. Qazaxıstanda isə sahiblərinin rusiyalılar olduğu İKT şirkətlərinin sayı 2021-ci illə müqayisədə düz 7 dəfə artaraq 2024-cü ilin əvvəlinə olan məlumata əsasən, sektorun 75 %-ni təşkil edib.

Atəşkəs razılaşması əldə olunsa da, bir çox müəssisələrin davam edən geosiyasi qeyri-müəyyənlik və Rusiya ilə qonşuları arasında dayanıqlı iqtisadi və siyasi əlaqələr səbəbindən xaricdə fəaliyyətlərini davam etdirəcəklərini proqnozlaşdırırıq”.

Beynəlxalq reytinq agentliyinin iqtisadi artımla bağlı proqnozlarında artıq region ölkələrinin iqtisadiyyatlarının 2022-ci ildəki sıçrayışdan sonra bu istiqamətdə vəziyyətin normallaşacağı qismən nəzərə alınır. Gözlənilir ki, Qafqaz və Mərkəzi Asiya ölkələrində ÜDM artım tempi 2025-2027-ci illərdə 2022-2024-cü illərlə müqayisədə yavaşlayacaq, çünki Rusiyadan ticarət, pul köçürmələri və kapital daxilolmaları üzrə müvəqqəti artımların təsiri tədricən azalır.

“S&P”nin analitikləri proqnozlaşdırır ki, Gürcüstan və Ermənistanın ÜDM artım tempi 2022-2024-cü illərlə müqayisədə təxminən iki dəfə azalacaq, lakin bu istiqamətdə göstərici sabit qalacaq: “Cari ildə ÜDM artım tempi Azərbaycanda 2 %, Qazaxıstanda təxminən 4 %, Özbəkistanda 5 %-dən bir qədər çox, Ermənistanda təxminən 4 %, Gürcüstanda isə 5 % təşkil edəcək”.

Amma agentlik regiona pul köçürmələrinin həcminin azalacağını proqnozlaşdırır: “2022-ci ildə pul köçürmələrinin artımı Özbəkistan, Gürcüstan, Ermənistan, Azərbaycan, Qazaxıstan və Tacikistan üçün cari hesab balansını orta hesabla 6,5 faiz bəndi yaxşılaşdırmağa yardım göstərib.

Üstəlik, Azərbaycan və Qazaxıstan həmçinin yüksək neft qiymətlərindən faydalanıb. Amma 2023-cü ildə bank nəzarətinin sərtləşdirilməsi və Rusiya vəsaitlərinin digər yurisdiksiyalara yönləndirilməsi səbəbindən pul köçürmələrinin təsiri zəifləyib. 2024-cü ildə xüsusilə Özbəkistan və Ermənistanda köçürmələrin yeni artımı müşahidə edilib”.

Amma “S&P”nin proqnozlarına görə, bu proses gələcəkdə normallaşacaq: “Buna baxmayaraq, miqrantlardan (əsasən Rusiyadan) pul köçürmələri, xüsusilə Özbəkistan, Gürcüstan və Ermənistanda ev təsərrüfatlarının gəlirlərinin mühüm mənbəyi olaraq qalacaq”.

Hesabatda qeyd edilib ki, ticarətə gəlincə, axınların gələcəkdə yenidən istiqamətləndirilməsi Rusiyaya qarşı sanksiyaların zəifləmə müddəti və dərəcəsindən asılı olacaq: “Müharibənin başlamasından etibarən Avropadan Rusiyaya ixracın əhəmiyyətli hissəsi Mərkəzi Asiya və Qafqaz vasitəsilə yenidən istiqamətləndirilib. Doğrudur, bu, ölkələrin cari hesablarına neytral təsir göstərib, çünki yüksək əlavə dəyərli malların idxalı daha sonra Rusiyaya yenidən ixrac olunub. Lakin 2024-cü ildə ticarət axınları, xüsusilə Qazaxıstanda sanksiyaların sərtləşdirilməsi və qanunvericiliyə riayət tələbləri səbəbindən kəskin şəkildə azalıb”.

“S&P”nin ekspertləri hesab edirlər ki, buna baxmayaraq, nəqliyyat, logistika, ticarət xidmətləri və yerli istehsalata investisiyalar, hətta Rusiya ilə ticarət həcmlərinin azalması şəraitində belə, Mərkəzi Asiya və Qafqaz regionu ölkələri üçün uzunmüddətli iqtisadi faydalar gətirməyə davam edəcək.

Agentlik regionda iqtisadi artıma mülayim təsirdən əlavə, bank sektoru üçün əsas mümkün nəticələr arasında qeyri-rezidentlərin əmanətləri və kapital axınının azalmasını, bankların komissiya gəlirlərinin artım templərinin normallaşmasını və kreditləşmə templərinin sabitliyinin qorunmasını vurğulayıb:

“Rusiyadan əmanət axını artıq 2022-2023-cü illərin zirvəsindən sonra azalmağa başlayıb. Lakin vəsaitlərin sürətlə çıxarılmasına dair risk Rusiyadakı davam edən qeyri-müəyyənlik, o cümlədən valyuta məhdudiyyətləri səbəbindən məhduddur. 2022-2023-cü illərdə banklar mübadilə əməliyyatları və pul köçürmələrindən müstəsna dərəcədə yüksək gəlirlər əldə edirdilər, lakin bu tendensiya tədricən yavaşlayır”.

Bundan başqa, hesabatda mümkün təsir kanalları kimi mənzil qiymətlərinə məhdud təsir vurğulanıb. Agentlik qeyd edir ki, son 3 ildə regionda mənzil qiymətləri, o cümlədən Rusiya miqrantlarının axını səbəbindən artıb. Lakin miqrantların əksəriyyəti mənzil kirayələməyi üstün tuturdu və bu da xüsusilə Gürcüstan və Ermənistanda kirayə qiymətlərinin artmasına səbəb olub.

Beləliklə, “S&P” Rusiya ilə Ukrayna arasında atəşkəs razılaşmasının əldə olunacağı təqdirdə regionda daşınmaz əmlak bazarında kəskin dəyişikliklər gözləmir, çünki kirayəyə tələb yüksək qalacaq və miqrantların əhəmiyyətli axını proqnozlaşdırılmır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)