Azərbaycanda pərakəndə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9 milyard 241,2 milyon manatlıq, o cümlədən 5 milyard 66,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4 milyard 174,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 %, qeyri-ərzaq malları üzrə 6,2 % artıb.
2 ay ərzində alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50 %-i ərzaq məhsullarının, 4,8 %-i içkilər və tütün məmulatlarının, 15,1 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 %-i avtomobil benzini və dizel yanacağının, 4,6 %-i elektrik malları və mebellərin, 2,5 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların dəyəri 1 il əvvələ nisbətən real ifadədə 3,8 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib.
İllik müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,6 %, fərdi sahibkarlar üzrə 1,7 %, bazar və yarmarkalarda isə 3,4 % artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 451,8 manatlıq, o cümlədən 247,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 204,1 manatlıq qeyri-ərzaq malları alıb.