Mərkəzi Bank bu həftə uçot dərəcəsi ilə bağlı növbəti qərarını verəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.
Məlumata görə, martın 12-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı ikinci qərarını açıqlayacaq.
AMB-nin İdarə Heyəti ötən ilin may ayından etibarən uçot dərəcəsini sabit saxlayır. Hazırda uçot dərəcəsi 7,25%, faiz dəhlizinin aşağı həddi 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% təşkil edir.
Mərkəzi Bankdan bildirilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq: "Mərkəzi Bank qanunvericiliklə müəyyən olunmuş mandatına uyğun olaraq qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək. İnflyasiya təzyiqlərinin azalacağı və inflyasiya gözləntilərinin sabit qalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər. Bununla yanaşı, Mərkəzi Bank inflyasiya hədəfinə nail olunması ilə bağlı mümkün risklərin reallaşması halında müvafiq şəkildə reaksiya verəcək".