Xəzəri ən çox çirkləndirən şirkətlərin adları - AÇIQLANDI
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizini çirkləndirən əsas mənbələrin adlarını açıqlayıb.
ETSN-nin əməkdaşı Mirsalam Qənbərov bildirib ki, bu gün Xəzər dənizini çirkləndirən, tənzimlənməyən axarlar mövcuddur. Bu axarlar vasitəsilə zərərli tullantılar təmizlənmədən dənizə axıdılır. Xəzər dənizi ən çox təsərrüfat-məişət tullantı suları və neft-qaz hasilatında əmələ gələn lay suları ilə çirkləndirilir. Xəzəri lay suları ilə dənizi çirkləndirən obyektlər əsasən “Suraxanı Oil Company”, “Balakhanı Operating Ltd” əməliyyat şirkətləri və “Azgerneft” MMC-dir.
M.Qənbərov deyib ki, əsasən kanalizasiya şəbəkəsi olmayan kənd və qəsəbələrdə formalaşan tullantı suları göllər və gölməçələr vasitəsilə dənizə axıdılır: "Belə çirkləndirmə mənbələrinin qarşısını almaq mümkündür. Misal üçün “Azneft” İstehsalat Birliyinin “Abşeronneft”, Bibiheybət, H.Z.Tağıyev, N.Nərimanov adına neft-qazçıxarma idarələrinin istehsalat sahələrində və Binəqədi Əməliyyat şirkətində əmələ gələn lay suları düzgün idarə olunur. Yəni bu gün sözügedən müəssisələrdən Xəzərə heç bir tullantı suyu axıdılmır. Deməli, digər çirkləndiricilər də istəsələr bunu edə bilərlər".
ETSN-nin əməkdaşı əlavə edib ki, Xəzər dənizində ekoloji vəziyyətin yaxşılaşdırılması nazirliyin birbaşa funksiyalarına aiddir, ona görə də tərəfimizdən daha sərt tədbirlərin görülməsi istiqamətində işlər aparılır:
"Dənizi çirkləndirən bütün mənbələr üzrə monitorinqlər aparılır, tərkibində normadan artıq zərərli maddələr olan axarlar və bu axarları formalaşdıran fiziki və hüquqi şəxslərə qarşı inzibati tədbirlərlə yanaşı maarifləndirici, daha innovativ texnologiyaların tətbiqi tövsiyə olunur".