Dövlət Agentliyi: Avtomobil bazarında idxal və vergi tənzimləmələri ilə bağlı narahatlıqlar var

Azərbaycanın avtomobil bazarında idxal və vergi tənzimləmələri ilə bağlı narahatlıqlar var.
Bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi” altqrupunun bu il üçün prioritet vəzifələrinə həsr olunmuş iclasında bildirib.
O, xüsusilə avtomobil idxalından sonra tətbiq edilən vergilərlə bağlı məsələlərin diqqətlə araşdırılmasının zəruri olduğunu vurğulayıb.
"Müzakirələrin əsas mövzularından biri idxaldan sonra müəyyən oyunçuların ağır vergilərlə üzləşməsi məsələsidir. Burada əsas sual belədir: həmin vergilər ümumi bazar iştirakçıları üçün tətbiq olunur, yoxsa yalnız bəzi şirkətləri əhatə edir? Bu məsələ diqqətlə araşdırılmalıdır," – deyə Ş.Rzalı qeyd edib.
O, bazarda rəqabət mühitinin qorunmasının və istehlakçı hüquqlarının təmin olunmasının əhəmiyyətini vurğulayıb: "Əsas prinsip idxalçının seçim azadlığının təmin olunmasıdır. Bazarın tələbləri şəraitində istehlakçının əsas məqsədi daha ucuz qiymətə öz tələbatını qarşılayacaq bir avtomobil əldə etməkdir. Əgər istehlakçı bunu sərbəst şəkildə tapa bilirsə, bu da seçim azadlığı prinsipinə uyğundur".
Ş.Rzalı həmçinin avtomobil idxalı və tənzimləmə siyasətinə kompleks yanaşmanın vacibliyini qeyd edib: "Avtomobil bazarının inkişafı, rəqabət mühitinin qorunması üçün bu problemlərin həlli vacibdir. Bu sahədə müəyyən dəyişikliklər aparmaq çətin olsa da, şəffaflıq və balanslaşdırılmış tənzimləmə əsas hədəf olmalıdır".