Sosial iqtisadiyyat

Tramp 5 milyona “Qızıl kart” satacaq. Kimlər ala biləcək?

ABŞ prezidenti Donald Tramp ölkədə iş yeri açacaq xarici investorlara yaşayış icazəsi və vətəndaşlıq yolunu açacaq “qızıl kart”ı 5 milyon dollara satacaqlarını açıqlayıb.

Tramp bu sözləri Oval Ofisdə icra sərəncamlarını imzaladıqdan sonra deyib.

“Qızıl kart” satacaqlarını ifadə edən Tramp, “Bu karta təxminən 5 milyon dollar qiymət etiketi qoyacağıq və bu, sizə “yaşıl kart” imtiyazlarını verəcək və eyni zamanda vətəndaşlıq üçün bir qapı olacaq” deyib.

Zəngin insanların bu kartı alıb ABŞ-a gələcəyini bildirən Tramp bu insanların çoxlu pul xərcləyəcəklərini, çoxlu vergi ödəyəcəklərini və çoxlu işlə təmin edəcəklərini bildirib.

Tramp bunun son dərəcə uğurlu olacağını düşündüklərini və növbəti iki həftə ərzində proqramı təqdim edəcəklərini də açıqlayıb.

Bu kartların 1 milyon və ya daha çoxunu sata biləcəklərini ifadə edən Tramp, "Məsələn, 1 milyon kartın dəyəri 5 trilyon dollar olacaq. 10 milyon kart satsaq, ümumilikdə 50 trilyon dollar olacaq. 35 trilyon dollar borcumuz var, bu, yaxşı olardı, görəcəyik" deyib.  

Bütün ölkələrdən insanların bu qızıl kart üçün uyğun olub-olmayacağı sualına Tramp bunun vəziyyətdən asılı olaraq dəyişəcəyini və bu kartın satılacağı insanların diqqətlə araşdırılacağını bildirib.

Rusiyalı oliqarxın qızıl kart almaq hüququ olub-olmayacağı ilə bağlı suala Tramp belə cavab verib: "Bəli, yəqin. Bəzi rus oliqarxlarını tanıyıram, onlar çox yaxşı insanlardır". 

“EB-5 investor vizası” proqramı başa çatır
Ticarət katibi Howard Lutnick də EB-5 investor vizasını "cəfəngiyyat" adlandırdı və bunun yaşıl kartı aşağı qiymətə əldə etməyin bir yolu olduğunu müdafiə etdi.

EB-5 proqramını bitirəcəklərini deyən Lutnik Trampın bu proqramı “qızıl kart” proqramı ilə əvəz etmək istədiyini açıqlayıb.

"Əlbəttə ki, onlar yoxlanışdan keçməli olacaqlar, lakin onlar dünya standartlarına uyğun böyük qlobal vətəndaşlar olduqlarına əmin olmaq üçün Amerikaya gələ bilərlər" deyə Lutnik qeyd edib.

Lutnik əlavə edib ki, bir çox başqa ölkələr, o cümlədən onun “51-ci dövlət” kimi təsvir etdiyi Kanada da bu proqramı həyata keçirib.

Xatırladaq ki, yaşıl kart sahiblərinə ABŞ-da qeyri-müəyyən müddətə yaşamaq və işləmək hüququ verir.

ABŞ-da sərmayəçi immiqrantlar üçün nəzərdə tutulmuş viza proqramı olan EB-5 həm də ölkəyə müəyyən məbləğdə investisiya yatırmaqla və iş yerləri yaratmaqla yaşıl kart əldə etməyə imkan verirdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)