Milli qızılımız və gümüşümüzdən sikkə və külçələr təqdim edildi - SATIŞI BAŞLAYIR
22 fevral tarixində “AzerGold” QSC Heydər Əliyev Mərkəzində Azərbaycan qızılı və gümüşündən istehsal edilən külçə və sikkələrin təqdimat mərasimini keçirib.
"Businessinsider.az" xəbər verir ki, tədbiri giriş sözü ilə açan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Milli qızılımız və gümüşümüzdən sikkə və külçələrin istehsalının “Made in Azerbaijan” brendinin təşviqinə və möhkəmlənməsinə önəmli töhfə verəcəyini deyib. Sədr, qızıl və gümüş məhsulların vətəndaşlara premium-klass keyfiyyət təqdim edəcəyini vurğulayıb.
Daha sonra külçə və sikkələrin istehsal prosesi haqqında bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov sikkə və külçələr haqqında ətraflı məlumat verib.
Qeyd edilib ki, ilkin mərhələdə sikkələr Heydər Əliyev Mərkəzi, Qobustan qayaüstü rəsmləri və Qarabağ xalçasının naxışı “Çələbi” olmaqla üç müxtəlif dizaynda istehsal edilib. Növbəti mərhələlərdə üzərində digər tarixi hadisələr, memarlıq və tarixi abidələr, həmçinin milli incəsənət nümunələri həkk olunan sikkələrin istehsalı nəzərdə tutulub.
5, 10 və 20 qram çəkidə istehsal edilən sikkə və külçələrin satışı ölkənin zərgərlik mağazaları vasitəsilə həyata keçiriləcək.