Bank sektorunda son vəziyyət açıqlandı

Azərbaycan Mərkəzi Bankı 2025-ci ilin yanvar ayı üzrə bank, monetar və ödənişlər sektorları ilə bağlı statistikaları açıqlayıb.
ENA.az Mərkəzi Bankın Statistik bülleteninə istinadən xəbər verir ki, 2025-ci ilin yanvar ayının sonunda fəaliyyətdə olan bankların cəmi aktivləri 53,090.7 mln. manat, cəmi öhdəlikləri 46,402.3 mln. manat, balans kapitalı 6,688.4 mln. manat olmuşdur.
Hesabat ayında bankların kredit portfeli 0.1% və ya 37 mln. manat artaraq 27,514.7 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 53.5% (14,709.9 mln. manat); ıı) istehlak kreditləri – 31.1% (8,551.7 mln. manat) və ııı) ipoteka kreditləri – 15.4% (4,253.1 mln. manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.3 faiz bəndi azalaraq 1.6% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 79.7%-i və ya 36,961 mln. manat. Depozit portfelinin 61.1%-i (22,575.5 mln. manat) hüquqi şəxslərin, 38.9%-i (14,385.4 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 66%-i (9,497 mln. manat) milli valyutada, 34%-i (4,888.4 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 60.8%-i (8,746.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri yanvar ayında 1.7% və ya 146 mln. manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 16,671.1 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 73.8%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.5 faiz bəndi azalaraq 33.5% təşkil etmişdir.
2025-ci ilin yanvar ayında banklar 71 mln. manat xalis mənfəət, 122.5 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər.
31 yanvar 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 485, şöbələrinin sayı 88, ATM-lərin sayı 3,253 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.4% və ya 89 nəfər artaraq 25,452 nəfər təşkil etmişdir.
Cari ilin yanvar ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 1.5% artaraq 34,752.2 mln. manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 38.2 mln. manat artaraq 2,623.6 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyi-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki artım ilə əlaqədardır.
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 67 min ədəd artaraq 19 milyon 965 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15.8% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 18.1%, kredit kartları üzrə 0.3% təşkil etmişdir. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.4 dəfə artmışdır. 2025-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,902 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 5,845 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,052 mln. manatı POS-terminallar, 3.1 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. Yanvar ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 68.5%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin yanvar ayının sonu ilə müqayisədə bankomatların sayı 6.8%, POS-terminalların sayı 37.3% artmışdır.