"Formula 1"in ən ucuz və bahalı biletlərinin QİYMƏTİ – MÜSAHİBƏ
Bu il aprelin 26-28-ci tarixlərində Bakıda Formula 1 Azərbaycan Qran-Pri 2019 keçiriləcək. Sürət həvəskarları bu yarışı səbrsizliklə gözləyir. Bəs görəsən, yarışa hazırlıq necə gedir, hansı yeniliklər olacaq?
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai ilə müsahibəni təqdim edirik:
- Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar necə gedir?
- Formula 1 Azərbaycan Qran-Pri 2019 yarışına hazırlıqlar tam gücü ilə davam edir. Hal-hazırda trek ərazisində beton baryerlərin quraşdırılması və Pit binasının tikintisi işləri gedir. Növbəti aydan etibarən isə tribunalarının quraşdırılmasına həmçinin Dənizkənarı Milli Parkın ərazisində işlərə başlanılacaq. Bununla yanaşı trekdən kənar hazırlıq işləri də davam edir. Artıq marşalların və könüllülərin seçim turları başa çatıb və təlim proseslərinə başlanılıb.
- Bu il Formula 1 Azərbaycan Qran-Prisində hansı yeniliklər olacaq?
- Bu il ölkəmizdə keçirilən Formula 1 yarışında hər hansı bir dəyişikliklər olmayacaq. Trekin konfiqurasiyası dəyişməz olaraq qalır. Yəni, Pit binasında, trekin özündə və asfalt qatında hər hansı bir yeniliklər olmayacaq. Yeniliklər hər il olduğu kimi yarış həftəsində təşkil olunan əyləncə proqramı ilə bağlı olacaq. Konsertlərdə çıxış edəcək dünya ulduzları ilə də danışıqları yekunlaşdırırıq və bir müddən sonra Bakıya hansı müğənnilərin gələcəyini açıqlayacağıq.
- Bilet satışı haqqında məlumat verməyinizi istərdik. İndiyə qədər nə qədər bilet satılıb?
- Bilet satışının statistik göstəriciləri yarış bitəndən sonra ictimaiyyətə açıqlanır. Onu qeyd edək ki, hazırda keçən ilin eyni dövrü ilə müqayisədə bilet satışında daha böyük artım tendensiyası müşahidə olunur. Artım Azərbaycan Qran Prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilənin imzalanmasından sonra müşahidə olunmağa başlanılıb.
- Ən ucuz və bahalı biletin qiyməti neçədir? Daha çox hansı ölkələrdən bilet alırlar?
- İndiyədək xaricdən 51 ölkədən bilet alınıb. Hazırda xaricdən ən çox bilet alanlar Rusiya və Monakodandır. Daha sonra müvafiq olaraq Böyük Britaniya, Gürcüstan, Avstriya, Hollandiya, Polşa, Ukrayna və digərləri ölkələrdəndir.
Məlum olduğu kimi, bilet satışına 2018-ci ilin noyabr ayından start verilib. Sırf yerli sakinlərə əlavə 25 %-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.
Yerli sakinlərə biletlərin qiymət intervalı 70-850 AZN civarındadır. Yarış həvəskarları 2019 Formula 1 Azərbaycan Qran Prisinin biletlərini paytaxtın müxtəlif yerlərində olan bilet satış nöqtələrindən və ya www.bakucitycircuit.com saytından əldə edə bilərlər.
- Jurnalistlərin akkreditasiyasından danışmanızı istərdik.
- Hazırda jurnalistlərin akkreditasiyası üçün qeydiyyat davam edir. Qeydiyyat prosesi fevral ayının 28-dək davam edəcək. Formula 1 Azərbaycan Qran-Pri 2019 yarışına akkreditasiya almaq istəyən media nümayəndələri Bakı Şəhər Halqasının rəsmi internet səhifəsindən qeydiyyatdan keçmələri xahiş olunur. (https://www.bakucitycircuit.com/accreditation-form)