Bank

Azərbaycan banklarında unikal əmanətçilərin sayında kəskin artımın səbəbləri açıqlanıb

Ötən il Azərbaycan bank sektorunda müddətli unikal əmanətçilərin sayı 41 % artaraq 150,5 min nəfərə çatıb. Bunu ENA.az saytının sualını cavablandırarkən Mərkəzi Bank sədri Taleh Kazəmov bildirnişdi. Qeyd edək ki, unikal əmanətçilərin sayı 2023-cü ilin sonuna 106 min nəfər olub və 2024-cü il ərzində 44 min nəfər artıb.  

Belə ki, yeni unikal əmanətçilərin 77,6 %-ni 30 000 manatadək məbləğdə əmanətləri olanlar təşkil edib. Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, bu, ötən dövrlərlə müqayisədə əhəmiyyətli bir irəliləyişdir. 

Unikal əmanətçilər kimlərdir?

Bununla bağlı report-un sualını cavablandıran AMB bildirib ki:“unikal” əmanətçi dedikdə, bir və ya bir neçə bankda müddətli əmanətləri olan şəxslər nəzərdə tutulur. Məsələn, bir şəxsin 5 müxtəlif bankda müddətli əmanəti mövcuddursa, o, ümumi statistikada yalnız bir unikal əmanətçi kimi qeyd olunur. Bu yanaşma, bank sektorunda əmanətçilərin real sayını daha dəqiq təyin etməyə imkan verir. 

Unikal əmanətçilərin sayının artmasının gəlincə, AMB bunun bir neçə əsas səbəbi olduğunu vurğulayıb. Pul siyasətinin təkmilləşdirilməsi, vergi güzəştlərinin tətbiqi və əmanətlərin sığortalanması bu dinamikanı şərtləndirən amillərdən hesab olunur.

Mərkəzi Bank vurğulayır ki, faiz kanalının ötürücülüyünü artırmaq istiqamətində atılan addımlar əmanətlərə marağı yüksəldib. Bununla yanaşı, milli valyutada olan əmanətlər üzrə tətbiq edilən vergi güzəştləri əhalini vəsaitlərini banklarda yerləşdirməyə həvəsləndirib. Əmanətlərin artımına, həmçinin xüsusilə xırda məbləğli əmanətçilər üçün risklərin azalması səbəb olub.

Bu müsbət dinamika ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsinə, bank sektorunun stabil inkişafına və iqtisadiyyatda vəsaitlərin daha effektiv dövriyyəsinə töhfə verir.

İqtisadçı ekspert Rövşən Ağayevin arqumenti belədir ki, 18 və yuxarı yaşda əhalinin sayının 7,6 milyon nəfərə yaxın olduğu nəzərə alınsa, bu o deməkdir ki, əhlainin ən yaxşı halda 2%-nin banklarda depozit hesabı var.

"Depozitlərin 78%-nin məbləği 30 min manata qədər olan hesablarda yerləşdirilməsi ilə bağlı statistikaya gəldikdə, bu ölkədə sərvət təbəqələşməsinin real miqyasını görmək baxımından çox önəmlidir. Mərkəzi Bank bu kateqoriya üzrə orta depozit məbləğini açıqlamış olsa idi, mənzərə çox aydın görünərdi. Belə bir statistika olmadığı üçün yeni maksimum bir rəqəm üzərindən ehtimal əsasında təxmini hesablama aparsaq nəticə belədir: hətta bir əmanətçi üzrə orta depozit məbləği 20 min manat olsa, bütün şəxslərin (150 min) 78%-də ən yaxşı halda 3 milyard manat depozit olduğunu söyləmək olar", -deyə R.Ağayev qeyd edib.

Ekspert hesab edir ki, vətəndaşlara məxsus bütün depozitlərin 14,2 milyard manat olduğu nəzərə alınsa, bu o deməkdir ki, ən zəngin 20% depozit sahibi bank sektorundakı bütün depozitlərin təxminən 75%-nə də sahibdirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)