Braziliya prezidenti məktəblərdə telefon qadağasını təsdiqlədi
Braziliya prezidenti Konqres tərəfindən ibtidai və orta məktəblərdə mobil telefondan istifadəni qadağan edən qanunu təsdiqləyib.
Qanun qüvvəyə mindikdən sonra həm dərslərdə, həm də fasilələrdə mobil telefondan istifadə qadağan olunacaq.
Məsələ ilə bağlı açıqlamada qanunun “tamamilə” zəruri olduğu və oxşar təcrübələrin başqa ölkələrdə də həyata keçirildiyi bildirilib.
Prezident Lula da Silva vəzifəyə gəldiyi gündən bəri keçirdiyi görüşlərdə nazirləri və digər rəsmiləri telefondan istifadə etməmələri ilə bağlı xəbərdar etdiyini bildirib və cib telefonlarının diqqəti yayındırdığını vurğulayıb.
Yeni nizamnaməyə əsasən, məktəblərdə mobil telefonlardan yalnız pedaqoji məqsədlər üçün və müəllimlərin nəzarəti altında istifadə oluna bilər.
Locomotiva İnstitutu və QuestionPro tərəfindən 2024-cü ilin oktyabr ayında keçirilən sorğuya görə, braziliyalı valideynlərin 82 faizi məktəblərdə mobil telefonların qadağan edilməsini dəstəkləyir.
Uşaq və gənclərin sağlamlığına və öyrənməsinə mənfi təsirləri nəzərə alınaraq, ibtidai və orta məktəblərdə mobil telefonlardan istifadəni qadağan edən tənzimləmə 20 dekabr 2024-cü ildə Konqres tərəfindən təsdiq edilib.