Prezident “Milli Məkan Məlumatları” sistemi üzrə Əsasnaməni təsdiqlədi. Operator İqtisadiyyat Nazirliyi oldu
“Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “Milli Məkan Məlumatları” informasiya sisteminin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etməlidir.
Eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” fərmanın tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək, Nazirlər Kabinetinə isə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
“Milli Məkan Məlumatları” informasiya sisteminin sahibi və operatoru isə İqtisadiyyat Nazirliyidir. Sənədə əsasən, sistemin fəaliyyətinin təşkili üçün müvafiq qurumdaxili telekommunikasiya qurğularını və kanallarını nazirliyin struktur bölmələri, sistemin digər dövlət informasiya ehtiyatları və sistemləri ilə qarşılıqlı fəaliyyətinin təşkili üçün istifadə edilən telekommunikasiya qurğularını və kanallarını isə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təşkil edəcək.