BİZNES

"Mənim üçün bu, istefa deyil, iş yerini dəyişdirməkdir"

“Təhsil texnologiyadan daha vacibdir”. Bunu elektron ticarət nəhəngi “Alibaba” şirkətinin təsisçisi Cek Ma İndoneziyada keçirilən Rəqəmsal Platformalar və İnnovasiya Forumunda çıxışı zamanı deyib.

Çek Ma texnologiyanın arxası ilə sürüklənən dünyada təhsilin rolundan danışıb.

O, bildirib ki, müasir təhsil sistemi texnologiyanın tələblərinə uyğun dəyişdirilməli, müasir texnologiyanın tələblərinə uyğunlaşdırılmalıdır.

Cek Ma şirkətin rəhbərliyi vəzifəsindən istefa verməsi məsələsinə də toxunub.

"Mənim üçün bu, istefa deyil, iş yerini dəyişdirməkdir. Təhsilə geri qayıdıram. “Alibaba” kimi təşkilatı idarə etmək üçün bir az yaşlıyam. Lakin təhsil sahəsində sahibkar olmaq üçün kifayət qədər gəncəm. Qarşıdakı 30 il ərzində texnologiya bəşəriyyətə meydan oxuyacaq. İnsanlar iş yerlərini itərəcəklər. Son 200 ildə uşaqlarımıza verdiyimiz təhsil sənaye dövrünə hesablanmışdı. Lakin gələcəkdə bütün işləri texnologiya görəcək. Cihazlar daha yaxşı iş görə bilərlər, daha ağıllıdırlar, hər şeyi xatırlayırlar,  daha tez hesablayırlar və heç vaxt ruhdan düşmürlər. Ona görə də təhsil sistemini dəyişməli və uşaqlarımıza elə şeylər öyrətməliyik ki, onların etdiklərini texnologiya edə bilməsin."

Qeyd edək ki, Cek Ma “Alibaba” şirkətini 1999-cu ildə təsis edib. Şirkətin bazar dəyəri 420 milyard dollarıdır. Ötən ay Cek Ma gələn sentyabr ayında vəzifəsindən istefa verəcəyini bildirib.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department