Azərbaycanda strateji əhəmiyyətli malların monitorinqinin aparılması üçün meyarlar təsdiq edilib
Nazirlər Kabineti strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarlarını təsdiq edib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qayda srateji əhəmiyyətli malların monitorinqinin həyata keçirilməsinin təşkilati və hüquqi əsaslarını, qaydasını, həmçinin həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin meyarlarını müəyyən edir. Strateji əhəmiyyətli malların monitorinqi dövlət ehtiyatları üzrə məsul orqan olan Azərbaycan Dövlət Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilir.
Belə ki, monitorinqin məqsədi ölkənin strateji əhəmiyyətli mallarla təchizat dayanıqlığının təmin edilməsi üzrə vəziyyətin öyrənilməsi və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin qarşısının alınması istiqamətində tədbirlər görülməsinin zəruriliyinin qiymətləndirilməsidir. Monitorinq strateji əhəmiyyətli malların mövcudluğu və hərəkəti barədə məlumatların əldə edilməsini, strateji əhəmiyyətli mallarla təchizatın dayanıqlığına təhlükə yaradan faktorların müəyyən edilməsi və qiymətləndirilməsini, strateji əhəmiyyətli malların həcminin müntəzəm izlənilməsini ehtiva edir.