“YouTube” videoçarxları dublyaj edəcək
“Gemini”nin süni intellekt köməkçisinin əsasını təşkil edən böyük dil modellərindəki təkmilləşdirmələr artıq ”Google”a məhdud sayda videoməzmun yaradıcılarına videolarını müxtəlif dillərdə avtomatik dublyaj etmək imkanı verib.
Məlumata görə, “YouTube” xidməti maarifləndirmə məqsədli minlərlə kanala videoməzmunun avtomatik dublyajı funksiyasına dəstəyi genişləndirib. Məsələn kulinariya bloqları olan və ya müxtəlif sahələrdə sənətkarlığın sirlərini paylaşan məzmun müəllifləri avtomatik dublyaj ala bilərlər. Gələcəkdə funksiya digər məzmun növləri üzrə ixtisaslaşmış kanalları da əhatə edəcək.
Yenilikdən yararlanmaq üçün video müəllifinə sadəcə orijinal videonu normal rejimdə yükləmək kifayətdir. İstifadəçi yükləmə səhifəsi interfeysində tələb olunan xananı işarələyibsə, “YouTube” özü mənbə videonun dilini aşkar edəcək və müxtəlif dillərdə versiyalar yaradacaq. Hazırda dəstəklənən dillər ingilis, fransız, alman, hind, indoneziya, italyan, yapon, portuqal və ispan dilləridir.
“Google” xəbərdarlıq edir ki, “Gemini”nin insan nitqini müxtəlif dillərdə yenidən yaratmaq qabiliyyəti hələ də məhduddur. Assistent nəinki qrammatik, stilistik və fonetik səhvlərə yol verə bilər, hətta onun tembri də videodakı orijinal səsin sahibinin tembrindən fərqlənə bilər. Gələcəkdə “YouTube” özünün avtomatik tərcüməçisinin nitqinə ifadəlilik əlavə etməyi vəd edir ki, bu da orijinalın emosionallığını daha yaxşı əks etdirəcək və hətta orijinal audio trekin səs-küyünü təkrarlayacaq.