Yeni pandemiya 13.6 trilyon dollar iqtisadi itkilərə səbəb ola bilər
Yeni pandemiya qlobal iqtisadiyyata beş il ərzində 13,6 trilyon ABŞ dolları məbləğində zərər vura bilər.
Bu proqnozu Britaniyanın sığorta bazarı “Lloyd’s of London” təqdim edib.
Hesabatda qeyd olunur ki, itkilərin əsas səbəbi yerli lokdaunlar və qlobal səyahət məhdudiyyətləri nəticəsində sənaye sahələrinin fəaliyyətinin pozulması olacaq.
“Lloyd’s” və Kembric Risk Tədqiqatları Mərkəzinin təhlilinə görə, ən ağır ssenaridə itkilər 41,7 trilyon ABŞ dollarına çata bilər, bu isə qlobal ÜDM-in 1,1-6,4 % azalması ilə nəticələnəcək. Ən yüngül ssenaridə itkilər 7,3 trilyon ABŞ dolları təşkil edəcək.
Hesabatda vurğulanır ki, COVID-19 pandemiyası və onun nəticəsində tətbiq edilən lokdaunlar qlobal miqyasda ciddi pozuntulara səbəb olub və bu təsirlər inflyasiya təzyiqlərində hələ də hiss edilir. Bu vəziyyət həmçinin biznes itkilərinin sığorta təminatına daxil olub-olmadığı barədə hüquqi mübahisələrə yol açıb.
“Lloyd’s” COVID-19 pandemiyasının iqtisadi dəyərini açıqlamasa da, sığorta sənayesinin yeni yoluxucu xəstəliklər, pandemiya səbəbindən tədbirlərin ləğvi, eləcə də peyvəndlərin hazırlanması, saxlanması və daşınması üçün xüsusi təminat mexanizmləri hazırladığını bildirir.