Bank

Azərbaycana daxil olan pul baratları azalıb, ölkədən çıxan vəsait isə artıb - RƏSMİ

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 848,5 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 408 milyon ABŞ dolları pul köçürüb.

Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 33,75 % az və 1,6 % çoxdur. Yəni ölkəyuə daxil olan pul baratları azalıb, ölkədən çıxan vəsait isə artıb. 

Azərbaycana daxil olan pul baratlarının həcmindəki azalma Rusiya-Ukrayna müharibəsindən sonrakı ilk illərdə yaşanan bumun artıq aradan qalxması ilə əlaqədardır.  2022-2023-cü illərdə Azərbaycana daxil olan pul baratlarının həcmində dəfəflərlə artım vardı və bu Rusiyadan gələn vəsait axını hesabına baş vermişdi. 

O bildirib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiyadan (411 milyon ABŞ dolları), Türkiyədən (133 milyon ABŞ dolları), ABŞ-dan (48 milyon ABŞ dolları), Gürcüstan (27 milyon ABŞ dolları) və Birləşmiş Krallıqdan (26 milyon ABŞ dolları) daxil olub.

9 ayda ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (118 milyon ABŞ dolları), ABŞ (45 milyon ABŞ dolları), Rusiya (44 milyon ABŞ dolları), Gürcüstan (36 milyon ABŞ dolları) və Birləşmiş Krallıq (22 milyon ABŞ dolları) qərarlaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)