Aqrar

Təhlükəli qida istehsal edənlər, satanlar 10 ilədək azadlıqdan məhrum ediləcək

Təhlükəli qida məhsullarını istehsal edənlər, satışını təşkil edənlər və ya satış məqsədilə saxlayanlar 10 ilədək müddətə azadlıqdan məhrum ediləcək.

Bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında Cinayət Məcəlləsinə yeni maddənin əlavə edilməsi haqqında təklif müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması, bu əməllər xeyli miqdarda törədildikdə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Layihəyə əsasən, eyni əməllər:

- təkrar törədildikdə;
- qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
- külli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)