Naxçıvanda sahibkarların əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad edilməsi təklif olunur
Naxçıvan Muxtar Respublikasında qeydiyyatdan keçmiş və əsas fəaliyyəti müxtar respublikada olan sahibkarlar 10 il müddətinə əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad edilməlidir.
Bunu Naxçıvan Muxtar Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Vüqar Abbasov “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq və onun nəticələri” adlı tədbirdə deyib.
V.Abbasov bildirib ki, paytaxt Bakı ilə yalnız hava nəqliyyatı ilə əlaqəsi olan Naxçıvan sahibkarları Azərbaycanın digər bölgələrindəki sahibkarlardan fərqli olaraq, hər tıra görə əlavə 4 min manat xərc çəkir. Bu isə nəticədə məhsulların rəqabət qabiliyyətinə mənfi təsir göstərir. V.Abbasov ixrac yönümlü müəssisələrə əcnəbi kadrların cəlb edilməsi üçün miqrasiya qanunvericiliyinin asanlaşdırılması məsələsini də diqqətdə saxlamağın vacibliyini deyib.
Onun sözlərinə görə, muxtar respublikanın sahibkarlarının irəli sürdüyü təkliflər arasında ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələrinə texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların idxalının gələn ilin yanvarın 1-dən başlayaraq 10 il müddətinə ƏDV-dən azad edilməsi də yer alır.
“Muxtar respublikadakı ticarət və xidmət sektorunda isə istehlakçılara ƏDV-nin daha yüksək faizlə qaytarılması təklif olunur. Bu təşəbbüslər sahibkarların fəaliyyətini stimullaşdırmaq və iqtisadi inkişafı daha da gücləndirmək məqsədi daşıyır”, - deyə V. Abbasov vurğulayıb.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması qaydasında müəyyən olunan praktikanın Naxçıvanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinə də tətbiqi, Sahibkarlağın İnkişaf Fondunun (SİF) vəsaitləri hesabına verilən biznes kreditləri üzrə Naxçıvan Muxtar Respublikasına xüsusi kvotanın ayrılması da təklif olunur.