Ərdoğan və xanımı Azərbaycana gəlir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabr ayı üçün proqramı açıqlanıb.
Məlumatına görə, proqramda ölkə başçısının noyabr ayında 4 ölkəyə səfər edəcəyi qeyd olunub.
Belə ki, Ərdoğan ilk xarici səfərini 4-5-6 noyabr tarixlərində Qırğızıstana edəcək. O, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Bişkekdə keçiriləcək 11-ci Zirvə Toplantısında iştirak edəcək. ammit “Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” mövzusuna həsr olunacaq. Səfər çərçivəsində Ərdoğanın Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan liderləri ilə təkbətək görüşləri gözlənilir.
Ərdoğan 6-7 noyabr tarixlərində Macarıstana gedəcək. Türkiyə-Macarıstan Dostluq Müqaviləsinin 100-cü ildönümünün qeyd olunması zamanı keçiriləcək səfər zamanı ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir.
11-12 noyabr tarixlərində Türkiyə liderinin Azərbaycana səfəri planlaşdırılır. O, Bakıda keçiriləcək COP29 tədbirində iştirak edəcək. Konfransda Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın “Sıfır Tullantı Layihəsi” çərçivəsində bəzi tədbirlərin təşkili nəzərdə tutulub.
Türkiyə liderinin noyabrın 18-19-da Braziliyada keçiriləcək G20 sammitinə səfəri planlaşdırılır. Ərdoğanın G20 sammitində bir çox liderlə görüşəcəyi gözlənilir.