Sənaye

Avropa ölkələrində elektrik və qazın qiymətləri artıb

Avropa Statistika İdarəsi (Eurostat) 2024-cü ilin birinci yarısında Aİ üzv ölkələrində yaşayış evlərində istehlak edilən elektrik enerjisi və təbii qaz qiymətləri ilə bağlı məlumatları dərc edib.

Məlumata görə, 2023-cü ilin birinci yarısında Aİ ölkələrində 100 kilovat-saat elektrik enerjisinə görə 28,3 avro ödənildiyi halda, 2024-cü ilin birinci yarısında bu rəqəm 28,9 avroya yüksəlib.

Üzv ölkələr arasında elektrik enerjisinin qiymətinin ən yüksək olduğu ölkələr 39,5 avro ilə Almaniya, 37,4 avro ilə İrlandiya, 37,1 avro ilə Danimarka, 33,8 avro ilə Çexiya, 33,5 avro ilə Belçika və 32,7 avro ilə İtaliya olub.

Elektrik enerjisinin qiymətinin ən aşağı olduğu Aİ ölkələri 10,9 avro ilə Macarıstan, 11,9 avro ilə Bolqarıstan və 12,6 avro ilə Malta olub.

Bu ilin birinci yarısında Aİ ölkələrində yaşayış binalarında istifadə edilən təbii qazın hər 100 kilovat-saatına görə ödənilən orta qiymət 11 avro hesablanıb. Sözügedən qiymət ötən ilin eyni dövründə 11,9 avro olub.

Aİ ölkələri arasında bu dövrdə yaşayış evlərində istehlak edilən təbii qaza görə ən yüksək ödəniş İsveçdə 100 kilovat-saat üçün 17,6 avro, Hollandiyada 16,3 avro, Avstriyada 13,8 avro və İrlandiyada 12,7 avro olub.

Bu dövrdə 100 kilovat-saat təbii qazın Aİ-yə üzv ölkələr arasında ən aşağı qiyməti Macarıstanda 2,8 avro, Xorvatiyada 4,5 avro və Rumıniyada 5,8 avro ilə müəyyən edilib.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)