Sosial iqtisadiyyat

İslahat effekt vermədi: Polietilen torbalar yenə əldən düşmür

Polietilen torbaların təbiətə vurduğu ziyanı nəzərə alaraq, bir çox ölkədə olduğu kimi, Azərbaycanda da onun pulla satılmasına qərar verilib. 2023-cü il fevralın 15-dən mağazalarda kiçikölçülü polietilen torbalar 3 qəpiyə, böyükölçülülər isə 5 qəpiyə satılır. Məqsəd bu torbalardan istifadəni azaltmaq idi. Lakin biz görürük ki, bu addım əks-effekt verib.

Rəsmi məlumata görə, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkə ərazisində 14 244.8 ton həcmində polietilendən kisə və çantalar istehsal və istifadə edilib. Bu, keçən ilin eyni dövrü (yəni torbaların pulla satılmağa başladığı dövr) ilə müqayisədə 26% çoxdur.

Maraqlıdır, bəs görəsən, bunun qarşısının alınması üçün hansı addımlar atılmalıdır?

Millət vəkili Vüqar Bayramov qeyd edib ki, inkişaf etmiş ölkələrdə bu sahədə fərqli praktikalar tətbiq olunur:

"Bu praktikalardan biri həm ərzaq, həm də gündəlik tələbat mallarının satışını həyata keçirən supermarketlər tərəfindən ekoloji baxımdan təmiz torbaların istehsalı və satılmasıdır. Bu torbaların qiyməti adi torbalara nisbətən baha olur, lakin buna baxmayaraq, istehlakçı, vətəndaş onlardan daha uzun müddət istifadə edir. Belə torbalardan istifadə həm ekoloji təmizliyin qorunması, həm də qənaət aspekti üçün vacibdir. Hazırda gündəlik istifadə etdiyimiz torbalar birdəfəlik istifadə üçündür. Lakin inkişaf etmiş ölkələr, Avropa, ABŞ uzunmüddətli istifadə üçün olan torbalardan istifadə praktikasını tətbiq edir. Bunun Azərbaycanda da tətbiqi məqsədəuyğundur. Bu həm ekoloji, həm də iqtisadi baxımdan daha sərfəli yanaşmadır".

Marketoloq Müşfiq İsgəndərov bildirib ki, polietilen paketlərdən istifadənin sayının artması qida zənciri olan marketlərin sayının artması ilə əlaqədardır:

"Dünyanın bütün ölkələrində polietilen çantaların istifadəsinin azaldılması məqsədilə ödəniş tələb edilir. Nəticə etibarilə ümid edilir ki, daha az istifadə olunacaq. Lakin nəzərə almaq lazımdır ki, bu, ilkin prosesdir. Ondan istifadənin azaldılması üçün davamlı şəkildə ekoçantalardan istifadə edilməlidir. Bu addım gələcəkdə polietilendən istifadəni minimuma endirəcək. Bunun başqa alternativi yoxdur. Nəzərə alsaq ki, qida zənciri marketlərinin sayı hər ötən gün daha da artır. Artan tempə uyğun olaraq da polietilen paketlərin istehsalı və istifadəsində artım müşahidə olunur. Bu, ümumi bazar payında polietilen paketə olan nisbətin artması deyil".

Onun sözlərinə görə, bu mövzuda dövlət türklərdə olan "kamu spotu" adlandırılan məcburi sosial çarxlar vasitəsilə insanları məlumatlandırmalı, onların davranışlarına təsir etməlidir:

"Polietilen paketlərin ödənişli edilməsi ilə yanaşı dövlət agentlikləri, nazirliklər bununla bağlı sosial aktivliklərini artırmalıdır. Türklərdə "kamu spotu" adlandırılan məcburi sosial çarxlardan bizdə də hazırlanmalı, bunun vasitəsilə insanlar məlumatlandırılmalı, onların davranışlarına təsir edilməlidir. Fasiləsiz olaraq polietilen paketlərin təbiətə zərəri, insanların özünə zərəri barədə maarifləndirmə aparılması yaxşı olar. Bu zaman onlar alternativ paketlənmə şəkillərindən istifadə edəcəklər və bu da gələcəkdə təmiz dünyanın yaranmasına təsiredici amillərdən biri olacaq.

Şəbəkə marketlərinin bu mövzuda korporativ və maddi maraqları bir kənara qoyub insanların sosial məsuliyyətlərinin artırılması üçün addımlar atması, dövlətlə bərabər məlumatlandırıcı informativ animasiyalar, videoçarxlar, posterlər hazırlayıb istehlakçıya görünən edilməsi sosial məsuliyyət anlayışıdır. Bu, təbiətə zərər verən polietilen torbaların azalmasına gətirib çıxara bilər".

Ekoloq Rövşən Abbasov qeyd edib ki, bu torbalar çürümədiyinə görə 500-1000 il təbiətdə öz varlığını qoruyur:

"Bu torbalar çürümə mərhələsinə daxil ola bilmir. Mütəxəssislərin hesablamalarına görə, 500-1000 il torpaqda, okeanda və s. qala bilirlər. Sonralar isə bunlar mikroplastiklərə çevrilir. Bununla da daha ağır fəsadlar törədə bilirlər. Məsələn, vəhşi heyvanlar bu torbaları bilmədən yeyirlər, beləliklə də onların orqanlarına daxil olur, sağlamlıqlarına ciddi zərər verir. Bəzi hallarda heyvanların hərəkət orqanlarına xəsarət yetirir. Məsələn, balıqların qəlsəmələrinə dolanması nəticəsində onları xilas etmək mümkün olmur. Çox kiçik mikroplastiklər insan qanına da keçə bilir. Bu səbəbdən plastiklərdən, polietilen torbalardan istifadə azaldılmalıdır. Ekologiyaya zərərsiz kisə və torbalardan istifadə olunması daha yaxşıdır, çünki sonradan bunlar tullantı olaraq müvafiq formada yenidən emal və utilizasiya edilir. Gələcəkdə də bu istiqamətdə qanunvericilik aktları qəbul olunmalıdır".

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)