"Trendyol" Azərbaycana nə qədər mal satır? Karqo niyə bahadır? - AÇIQLAMALAR
Azərbaycan əhalisinin 2 milyon nəfəri “Trendyol”dan alış-veriş edir. Aldığımız məhsulların 60 faizi geyim-keçimdir. Bu ilin sonuna bu elektron ticarət platforması üzərindən azərbaycanlıların alış-veriş həcminin 350 milyon dollara çatması gözlənilir. Azərbaycanlı müştərilərdən gələn ən böyük şikayətlər isə vaxt ilə bağlıdır. Bundan başqa, çatdırılma xərclərinin baha olması da var.
Azərbaycanlılar ən çox nə alır?
Ölkə vətəndaşları bu platformadan daha çox geyim və ev məişət əşyaları alırlar. Faizlə ifadə etsək, “Trendyol”dan aldığımız məhsulların 60 faizi geyim, 40 faizi isə ev tekstilidir. Qeyd edək ki, Türkiyə mətbuatının verdiyi məlumata görə, Türkiyədən hazır geyim ixracı 8 faiz azalıb. “Trendyol”un CEO-su Erdem İnanın saytımıza verdiyi açıqlamaya görə, bu azalma Trendyol şəbəkəsində qeydə alınmayıb. Şəbəkənin satdığı ən böyük məhsul yenə də geyimdir və bu məhsulların 80 faizi Türkiyədə istehsal olunur. Təxminən 60 min satıcı Trendyola məhsul çıxardır.
2024-cü ilin may ayına olan göstəriciyə görə, Trendyol Azərbaycanda və Körfəz ölkələrində gündəlik 1,5 milyon aktiv istifadəçiyə çatıb və bu ölkələrə ümumilikdə 16 milyon məhsul satıb.
"Temu"dan fərqi
Burada bir nüansı qeyd edək ki, bu ərazilərdə qlobal e-ticarət platforması kimi “Trendyol” demək olar ki alternativsiz idi. Bugün isə Çin məhsullarının e-ticarətini həyata keçirən “Temu” yüksək sürətlə bazara daxil olur. “Trendyol Group”un baş icraçı direktoru Erdem İnanın fikrincə, bazarda rəqabətin olması alqışlanmalıdır və hesab edir ki, “Trendyol” keyfiyyət, endirimlər, kreditlə ödəmələr kimi xidmətlər baxımından öndədir və bu üstünlüyünü qoruyub saxlayacaq.
Azərbaycanlı alıcılar ən çox nədən şikayət edir?
E-ticarətdən istifadədə artıq bacarıqları yüksələn azərbaycanlı alıcıların ən böyük şikayəti daşımaçılıq sektorundandır. Sifarişlər çox vaxt gecikir və çatdırılma həlqəsi sona qədər qurulmur. “Trendyol”un rəsmi mövqeyi belədir ki, bu məsələnin həlli sistemləşməlidir. Buna görə də şirkət hər bir məhsulun izlənilməsi üçün xüsusi proqramı istifadəyə verəcək. Çatdırılma qiymətlərinin yüksək olması da ayrıca bir problemdir və alıcıların ən böyük gözləntiləri qiymətlərə yenidən baxılması istiqamətindədir.
Bununla bağlı “Trendyol”un açıqlaması isə yüklərin daşınmasının baha başa gəlməsi ilə bağlıdır. Sən demə, “Trendyol”dan Azərbaycana gələn bütün yüklər təyyarə ilə daşınır, avtomobil və dəmiryolu ilə daşınma yoxdur. Halbuki, digər nəqliyyat vasitəsilə daşımaçılıq daha ucuzdur. Məsələn, tırlarla və ya dəmiryolu ilə gələn yüklərin daşınma xərcləri arasında mütəxəssislər 2 dəfədən çox fərq görürlər, təbii ki, burada yükün çəkisi və həcmi kimi məsələlər də var. Məsələn, 200 kiloya qədər yükü maşınla təyyarə qiyməti eyni olur, hətta bəzən təyyarə daha ucuz olur. Bundan yuxarı çəkidə yüklərin daşınmasında isə quru yolu ilə gətirmək daha ucuz başa gəlir.
“Trendyol” da artıq quru yolu ilə yüklərin ölkəmizə çatdırılması istiqamətində də düşünür.