Kriptovalyuta əməliyyatları vergiyə cəlb olunacaq

Rəqəmsal iqtisadiyyatın genişlənməsi ilə paralel olaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) kriptovalyuta əməliyyatları üzrə vergi nəzarətini gücləndirir.
Qurumdan verilən verilən məlumata görə, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, fiziki şəxsin aktivlərinin ilkin dəyərinin artdığını göstərən və əməkhaqqından başqa istənilən digər gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Kriptovalyutaların təqdim edilməsi (satılması və ya mübadiləsi) nəticəsində əldə olunan gəlir də bu kateqoriyaya daxildir.
Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlir 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunur. Gəlirin əldə edildiyi tarix isə kriptovalyutanın təqdim edildiyi (məsələn, satıldığı) tarix hesab edilir. Vergiyə cəlb olunan məbləğ isə kriptovalyutanın alındığı tarixlə təqdim edildiyi tarix arasındakı qiymət fərqi əsasında müəyyən olunur.
"Bu növ gəlir əldə edən fiziki şəxslər növbəti ilin mart ayının 31-dək "Gəlir vergisinin bəyannaməsi"ni vergi orqanlarına təqdim etməli və dövlət büdcəsinə vergi ödəməlidirlər. Həmçinin bu şəxslər vergi orqanlarında uçota duraraq VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) əldə etməlidirlər", - Dövlət Vergi Xidmətinin məlumatında qeyd olunur.